3 MAY 2021
İnfeksiyaların menecmenti və multidissiplinar yanaşma üzrə təlim keçirildi
COVID-19 pandemiyası dövründə infeksiyaların profilaktikası üzrə tədbirlərin gücləndirilməsi, Azərbaycanda infeksion xəstəliklər ilə mübarizənin təkmilləşdirilməsi, tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə Səhiyyə Nazirliyi,İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM),Azərbaycan Tibb Universiteti (ATU), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) , UNDP, Equinor şirkəti və BMT-nin İP-nin dəstəyi ilə Uptodate in Medicine tərəfindən “İnfeksiyaların menecmenti və multidissiplinar yanaşma” mövzusunda onlayn təlim keçirildi.
29-30 aprel 2021-ci il tarixdə keçirilən təlim zamanı COVID-19 xəstəliyinin diaqnostikası və menecmenti, tibb müəssisələrində yüngül, orta və ağır xəstəlik klinikası ilə müraciət edən xəstələrin hospitalizasiyası, ağırlaşması olan xəstələrin idarə olunması, ağır xəstələrin reanimasiyaya köçürülmə kriteriyaları və digər vacib mövzulara dair ətraflı məlumat verildi.
ATU-nun professorları – Musa Qəniyev, Məlahət Sultanova, İSİM-in şöbə müdiri t.ü.f.d. Nabil Seyidov,ATU-nun Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin elmi rəhbəri, Amerika Döş Qəfəsi Həkimləri Cəmiyyətinin və Amerika Torakal Cəmiyyətinin eksperti profesor Əlizamin Sadıqov, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin anestezioloq-reanimatoloqu Şahin Məmmədov, TƏBİB-in İnfeksion xəstəliklərin idarə edilməsi və təhlili şöbəsinin baş mütəxəssisi Nəzrin Mustafayeva, ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri dosent Rafiq Bayramovun mühazirələri dinlənildi.
Qeyd etmək lazımdır ki, bu təlim Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 10 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilmişdir.