8 MAY 2018
İSİM-in mütəxəssisi Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində "Zərərli vərdişlər: tütün və narkomaniya" mövzusunda mühazirə ilə çıxış etdi
8 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində tələbələr üçün maarifləndirici tədbir təşkil olundu.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova "Zərərli vərdişlər: tütün və narkomaniya" mövzusunda mühazirə ilə çıxış edərək zərərli vərdişlərin insan sağlamlığına zərərindən, cəmiyyət üçün təhlükəsindən söz açdı.
Gənclərə sağlamlıqlarına daha məsuliyyətlə yanaşmağı tövsiyə edən mütəxəssis onları zərərli vərdişlərdən (siqaret, narkotik maddələr, spirtli içkilər) uzaq olmağa səslədi.
Natiq qeyd etdi ki, tütündən istifadə nəinki insanın öz sağlamlığı, həmçinin ətrafdakıların səhhəti üçün ciddi təhlükə mənbəyidir. İSİM-in mütəxəssisi bu baxımdan ölkəmizdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qəbul olunan qanunun əhalinin sağlamlığının qorunması sahəsində və ikincili tütünçəkmənin artan təhlükələrinə qarşı daha məqsədyönlü mübarizə aparılmasına şərait yaratdığını vurğuladı.
Bəşəriyyətin digər müasir bəlalarından olan narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan danışan L.Dadaşova onun insan orqanizmində yaratdığı fəsadlar, fiziki və psixi asılılıq barədə tələbələri məlumatlandırdı.
Narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaratdığını qeyd edən natiq, narkomaniya ilə mübarizədə dəstək olaraq gənclərin ətrafı, ailə, dostlar, və oxuduqları təhsil müəssisələrinin də önəmli yer tutduğunu vurğuladı.
Tədbirin sonunda L.Dadaşova tələbələri zərərli vərdişlərdən uzaq olmağa çağırdı, aktiv həyat tərzi keçirməyi, əlavə məşğuliyyətlər, yaradıcılıqla məşğul olmağı tövsiyyə etdi.