16 MARCH 2018
Tələbələr qeyri-infeksion xəstəliklərin risk amilləri barədə maarifləndirildilər
16 mart 2018-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecində “Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması naminə sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirildi. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi gəncləri qeyri-infeksion xəstəliklərin risk amilləri barədə maarifləndirmək idi.
İSİM-in sosioloqu Fərid İsrafilzadə geniş təqdimatla çıxış edərək, qeyri-infeksion xəstəliklər qrupuna daxil olan dörd əsas patologiya: ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet barədə tələbələrə məlumat verdi. O bildirdi ki, tütündən, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi əsas risk amilləri nəticəsində yaranan qeyri-infeksion xəstəliklər əksər ölkələrdə olduğu kimi Azərbaycanda da vaxtsız ölümlərin əsas səbəbidir. Gənclərə sağlamlıqlarına daha məsuliyyətlə yanaşmağı tövsiyə edən mütəxəssis onları zərərli vərdişlərdən uzaq olmağa səslədi. Əhalinin sağlamlığının qorunması istiqamətində ölkəmizdə atılan məqsədyönlü addımlardan söz açan Fərid İsrafilzadə bildirdi ki, məhz görülən işlərin sayəsində son iki il ərzində qeyri-infeksion xəstəliklərlə mübarizədə əldə olunmuş nəticələr əvvəlki illərə nisbətən daha ürəkaçandır.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.