Moskvada “Spirtli içkilərdən istifadənin yol-nəqliyyat hadisələri və qeyri-infeksion xəstəliklərin yaranmasında risk faktoru” üzrə tədris kursu keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

15 MARCH 2018

Moskvada “Spirtli içkilərdən istifadənin yol-nəqliyyat hadisələri və qeyri-infeksion xəstəliklərin yaranmasında risk faktoru” üzrə tədris kursu keçirildi

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 12-15 mart 2018-ci il tarixlərdə “Spirtli içkilərdən istifadənin yol-nəqliyyat hadisələri və qeyri-infeksion xəstəliklərin yaranmasında risk faktoru” mövzusunda qeyri-infeksion xəstəliklər (QİX) üzrə üçüncü Moskva sektorlararası tədris kursu keçirildi. MDB ölkələri üçün nəzərdə tutulan tədris kursunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları – Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev və Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova iştirak etdilər.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu və İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən bu kursun gündəliyində yer alan əsas məsələ vaxtından əvvəl ölüm hallarının qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsi idi. Tədbirdə qeyd olundu ki, spirtli içkilərdən istifadə qeyri-infeksion xəstəliklərin inkişafında əsas risk amili olmaqla yanaşı, həm də yol-nəqliyyat travmalarının başlıca səbəbi kimi çıxış edir. Kursun tədris proqramı çərçivəsində səmərəli müzakirələr, təqdimatlar, qrup işləri, praktik məşğələlər keçirildi, vaxtından əvvəl ölüm hallarının qarşısının alınması üçün nəzərdə tutulan kompleks tədbirlərlə bağlı fikir mübadiləsi aparıldı. İştirakçılar alkoqoldan istifadənin fəsadları ilə yanaşı, həm də bu zərərli vərdişlə mübarizədə müxtəlif ölkələrin qabaqcıl təcrübəsini öyrəndilər, sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə olunmasına qarşı mövcud qanunvericiliyin təkmilləşdirilməsi, aidiyyəti cəza tədbirlərinin gücləndirilməsinə dair təklifləri və gələcəkdə atılacaq effektiv addımları müzakirə etdilər.

Kursun sonuncu günündə dəyirmi masa keçirildi, tədris prosesi zamanı qazanılmış təcrübə ətrafında bir daha faydalı müzakirə aparıldı və iştirakçılara sertifikatlar təqdim olundu.