4 DECEMBER 2017
Mingəçevir gəncləri QİCS-dən qorunma yolları haqda məlumatlandırıldılar
1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar “QİCS-dən qorunma yolları” mövzusunda Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində gənclər və tibb müəssisələrinin işçiləri üçün maarifləndirici dəyirmi masa keçirildi. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Əməkdaşlıq Sazişi çərçivəsində baş tutan bu tədbirdə İSİM-in İSİM-in həkim-metodisti Lətafət Dadaşova təqdimatla çıxış etdi. QİÇS xəstəliyi, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmanın əsas həlli yolları haqqında danışan mütəxəssis QİÇS-ə yoluxmuş insanların immun-müdafiə sisteminin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulma və bu xəstəliklərin də ölümlə nəticələnməsi halları baş verdiyini söylədi. Natiq tədbir iştirakçılarına Azərbaycanda QİÇS-in mövcud vəziyyəti haqqında danışaraq bizdə də bütün dünyada olduğu kimi, problemin aktuallığını, buna görədə daim Səhiyyə Nazirliyinin nəzarətində olduğunu vurğuladı. O bildirdi ki, QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb.
“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verilən tədbirdə həmçinin Azərbaycanda problemə qarşı görülən tədbirlərdən, bu infeksiyanın diaqnostika və müalicəsinə dair əhali arasında aparılan təbliğat işlərindən söhbət açıldı. Eləcə də sağlam həyat tərzinin təbliği məqsədilə gələcək fəaliyyətə dair təkliflər dinlənildi. Mütəxəssis bildirdi ki, QİÇS-lə mübarizə istiqamətində əhalinin məlumatlandırılması məqsədilə təkcə Ümumdünya QiÇS-lə Mübarizə Günü deyil, mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir, insanların QİÇS-ə yoluxmadan qorunması üçün maaridləndirici materiallar hazırlanaraq əhali arasında paylanılır. Elə bu tədbirin sonunda da İSİM tərəfindən QİCS-in profillaktikası isitiqamətində hazırlanan buklet və broşurlar tədbir iştirakçılarına paylanıldı.