1 DECEMBER 2017
İSİM-in nümayəndəsi tütünlə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasının həyata keçirilməsi üzrə Avropa Regional yığıncağında iştirak etdi
30 noyabr - 1 dekabr 2017-ci il tarixlərdə Almaniyanın Heydelberq şəhərində Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasının həyata keçirilməsi üzrə Avropa Regional yığıncağı baş tutdu.
Tədbirdə tütünlə mübarizədə Avropa regionu üzrə 2017-ci ilin hesabatları dinlənildi, tütünlə bağlı real iqtisadi xərclərin müzakirəsi aparıldı, tütün məmulatlarına qoyulan vergilərin əhəmiyyətinə nəzər salındı. Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdi.
Açılışı Avropa Regional Ofisinin Tütünə nəzarət proqramının meneceri Kristina Mauer-Stenderin təqdimatı ilə baş tutan tədbirin tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması ilə bağlı məsələlər, tütünə nəzarət (vergi, qiymətlər), yeni tütün məmulatlarının istehsalı ilə mübarizə və tütünçəkmənin dünyada yayılmasına xəbərdarlığın edilməsi ilə bağlı məruzələrlə davam etdi.
Tədbirdə həmçinin regional iqtisadi əməkdaşlıq: Avropa İqtisadi Birliyində çərçivəsində tütün məmulatlarına qoyulan vergilərin tənzimlənməsi barədə yenilənmiş məlumatlar verildi. Tütün məmulatlarının satışı və sağlamlıq məsələləri, “ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsinin yaxşılaşdırılması üzrə davamlı tədbirlər” mövzularında məruzələri maraqla qarşılandı. Eləcə də ÜST-nin Çərçivə Konvensiyasının fəaliyyətinin qiymətləndirilməsi zamanı qarşıya çıxan problemlərin həlli yolları araşdırıldı, davamlı işlərin görülməsi üçün gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulandı.
Tədbir keçirilən hər iki günün sonunda Avropa regionunda tütün vergilərinin gücləndirilməsinə həsr olunmuş panel müzakirələr aparıldı. Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün tütün vergilərinin artırılması: 2030-cu ilə qədər bu məqsədlərə çatmaqda çətinliklər müzakilə obyekti oldu.