İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

1 AUGUST 2017

İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər

01-04 avqust 2017-ci il tarixlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun dəstəyi ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Atlanta şəhərində “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqat”ı (GYTS) üzrə təhlil seminarı keçirilir. Seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktor müavini Rahib Məmmədov və Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev də iştirak edirlər.

Seminarın məqsədi ölkələrdə gənclərin tütündən istifadəsi ilə bağlı tədqiqatın növbəti mərhələsində nəzərdə tutulan fəaliyyətin öyrənilməsi və bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasıdır. Seminarda iştirak edən tədqiqat koordinatorlarına tütün epidemiyası və ona nəzarət üzrə xülasənin hazırlanması, tədqiqatla bağlı məlumatların təhlili üçün statistik proqramın kompleks nümunəsinin istifadəsi barədə məlumatlar veriləcək. Müxtəlif ölkələrdə tədqiqat üzrə görülmüş işlər barədə təqdimatların nümayişi ilə təcrübə mübadiləsi aparılaraq, tədqiqatın məlumatlarına əsasən, gələcəkdə tütünlə mübarizəyə dair profilaktika və nəzarət proqramlarının hazırlanması planlaşdırılacaq.

Xatırladaq ki, 1998-ci ildən başlayaraq, ÜST və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyi ilə 13-15 yaşlı məktəblilər (8, 9 və 10-cu siniflər) arasında aparılan GYTS tədqiqatı ölkələrin gənclər arasında tütündən istifadəyə dair monitorinq imkanlarını artırır. Sorğu bütün ölkələr üçün vahid, standartlaşdırılmış metodologiya və sorğu anketlərinə əsaslanaraq keçirilir. Dünyanın bir çox ölkələrində keçirilən GYTS tədqiqatı Azərbaycanda ilk dəfə İSİM tərəfindən 2011-ci ildə aparılıb. Gənclər arasında tütündən istifadənin II qlobal tədqiqatı isə ölkəmizdə 2016-cı ilin aprel-may aylarında həyata keçirilib. Sorğuda CDC və ÜST tərəfindən ölkənin əvvəlcədən seçilmiş 25 məktəbinin 8, 9 və 10-cu sinif şagirdləri iştirak edib və beləcə tədqiqat prosesində 13-15 yaşda olan şagirdlər arasında tütündən istifadə ilə bağlı müxtəlif məlumatlar toplanılıb. Sorğuda iştirak edən məktəblilər  siqaretçəkmə, tütün məmulatlarına münasibət, tütündən imtina, ətrafdakı insanların siqaret çəkməsi, tütünlə bağlı reklamlar və s. mövzuda suallara cavab veriblər. Sorğu iştirakçılarına tütünlə mübarizəyə dair İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.

Tədqiqat Azərbaycanda ÜST-nin dəstəyi, eləcə də Təhsil Nazirliyinin müvafiq təşkilati yardımı sayəsində həyata keçirilmişdi.