16 AUGUST 2017
İSİM-də STEPS sorğusunun aparılması ilə bağlı təlim keçiriləcək
16-19 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında sorğunun keçirilməsi ilə bağlı təlim təşkil ediləcək. Təlim Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair aparılacaq tədqiqatla bağlı mütəxəssisləri hazırlamaq üçün nəzərdə tutulur. ÜST-nin ekspertləri tərəfindən aparılacaq təlim həm nəzəri, həm də praktiki məşqələlərdən ibarət olacaq. Təlim zamanı onlar sorğunu həyata keçirəcək müsahibəçilərə və İSİM-in işçi qrupuna STEPS-in 3 mərhələli şəkildə həyata keçirilmə qaydaları, ev təsərrüfatlarının və respondentlərin seçilməsi, STEPS sorğu alətləri haqqında məlumat verəcəklər.
STEPS-2017 sorğusu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ÜST-nin dəstəyi ilə cari ilin avqust ayının sonlarından oktyabrın ortalarınadək keçiriləcək.
Qeyd edək ki, indiyədək bu sorğu ÜST tərəfindən ümumilikdə 104 ölkədə həyata keçirilib. Azərbaycanda isə QİX üzrə ilk araşdırma 2011-cı ildə Dünya Bankının maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL), Ümumdünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı ilə “Azərbaycanda xroniki qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə milli araşdırma” adı altında keçirilmişdir.
Hazırki STEPS sorğusu əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması üçün 2017-ci ildən etibarən ölkəmizdə Səhiyyə Nazirliyinin 07.03.2016-ci il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın həyata keçirilməsi barədə əmri əsasında müntəzəm olaraq keçiriləcək. Sorğu ölkə əhalisi arasında QİX-lə bağlı olan vəziyyəti, respondentlərin ümumi sağlamlıq durumunun araşdırılması baxımından mühüm addım olacaq. Əldə edilən məlumatlar əhalinin sağlamlığının hazırki vəziyyəti haqqında ümumi təsəvvürün formalaşmasına və gələcək istiqamətlərin müəyyənləşdirliməsinə yardım edəcək.
Sorğuda iştirak etmək üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası üzrə 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı seçilib.
Respondentlərə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim olunacaq. Sorğu-sual mərhələsi planşetlər vasitəsi ilə elektron formatda aparılacaq. İştirakçıların fiziki göstəriciləri (boy, çəki, qarının dairəvi ölçüsü, ombanın dairəvi ölçüsü, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunacaq. Tədqiqatın son mərhələsində isə, biokimyəvi nümunələrin analizi aparılacaq. Respondentlərdən analiz üçün qan nümunəsi (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək məqsədilə) götürüləcək.