İSİM-in əməkdaşları Ümumdünya Hepatit Gününə həsr olunmuş tədbirdə iştirak etdilər (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

28 JULY 2017

İSİM-in əməkdaşları Ümumdünya Hepatit Gününə həsr olunmuş tədbirdə iştirak etdilər (FOTO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları 27-28 iyul 2017-ci ildə “28 İyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş tədbirdə iştirak etdilər.

Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Sabunçu rayon Mərkəzləşdirilmiş 1 saylı Kitabxanada təşkil olunmuşdu. Sabunçu Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsi, Sabunçu Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu Rayon Bölməsinin nümayəndələri ilə yanaşı, tədbirə rayon üzrə yerli təşkilatların, təhsil müəssisələrinin əməkdaşları və gənclər də qatılmışdılar.

İSİM-in həkim-metodisti Şəhla Mirzəzadə çıxış edərək, ictimai səhiyyə sahəsində görülən işlərdən, xüsusən qaraciyər hüceyrələrini zədələyən virus mənşəli iltihabi xəstəlik olan hepatitlə mübarizə ilə bağlı atılan addımlardan danışdı. O, həmçinin bu istiqamətdə İSİM-in yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığından söz açaraq, bu əməkdaşlığın hepatitlə mübarizədə əhəmiyyətli rol oynadığnı vurğuladı.

İSİM-in tədbirdə iştirak edən digər həkim-metodisti Hafiz İbrahimov virus hepatitlərinə dair tibbi məlumatları, eləcə də A, B, C, D, E viruslarının necə yayılması ilə bağlı geniş təqdimatı iştirakçıların nəzərinə çatdırdı.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.