25 JULY 2017
İSİM-in əməkdaşları palliativ yardımla bağlı beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Moldovada təcrübə səfərindədirlər
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Azərbaycanda Ambulator və Stasionar Palliativ Yardım xidmətinin yaradılmasında beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə 24-26 iyul 2017-ci il tarixləri üçün Moldova Respublikasına təcrübə səfərinə ezam ediliblər. Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən bu seminar və görüşlərdə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov, eləcə də İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov iştirak edirlər.
İştirakçılara palliativ qayğı sistemi üzrə 17 illik təcrübəyə malik olan Moldovanın palliativ akkreditasiya sistemi, o cümlədən palliativ yardımla məşğul olan həkimlərin lisenziyalaşdırılması ilə bağlı məlumatlar verilib. Eyni zamanda, nümayəndələrə ölkədə artıq həyata keçirilən 3 palliativ yardım xidməti – xəstəxana daxilində stasionar palliativ yardım, hospis və evdə palliativ yardımla bağlı geniş təqdimatlar edilib.
Həmçinin iştirakçıların bir neçə hospisə və uşaqlara palliativ yardım göstərən mərkəzlərə səfərləri də nəzərdə tutulub.