Ümumdünya Qan Donoru Gününə həsr edilmiş aksiya təşkil olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

14 JUNE 2017

Ümumdünya Qan Donoru Gününə həsr edilmiş aksiya təşkil olundu

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 14 iyun 2017-ci ildə Bakı şəhərində maarifləndirici aksiya keçirdi. Aksiya 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr edilmişdi. Aksiya çərçivəsində, İSİM tərəfindən qan donorluğu mövzusunda hazırlanan maarifləndirici materiallar Mərkəzi Elmi Kitabxanada, Zərifə Əliyeva adına Liseydə, Bakının Yasamal rayonundakı 18 nömrəli tam orta məktəbdə paylanıldı. Aksiya iştirakçılarına könüllü qanvermənin əhəmiyyəti, Ümumdünya Səhiyyə Təşkilatının builki “Qan verin! İndi verin! Mütəmadi verin!” çağırışının mahiyyəti, qan donorluğunun vacib və zəruri addım olması ilə bağlı ətraflı məlumat verildi. Qeyd edildi ki, hər il dünyada 250 milyondan çox insan fəlakətlərin qurbanı olur və fövqəladə hallarda zərərçəkmişlərin xilası üçün ən doğru addım vaxtında və müntəzəm qan verməklə kifayət qədər qan təchizatını formalaşdırmaqdır.

Xatırladaq ki, hər il iyunun 14-ü bütün dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu günün qeyd edilməsində əsas məqsəd könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş olunması, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, bununla da bütün dünyada könüllü donorluq ənənəsinin genişləndirilməsidir.