6 JUNE 2017
İSİM-də “Açıq hökumət”in təşviqinə dair brifinq keçirildi
6 iyun 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSIM) kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün brifinq təşkil olundu. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə giriş sözü ilə çıxış edərək, Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin və "9103" Qaynar Xəttinin fəaliyyətindən söz açdı. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə açıq hökumətin təşviqi üzrə Azərbaycanda görülən işlər barədə ətraflı məlumat verdi. O bildirdi ki, hazırda elektron xidmətlərin asanlaşdırılması nəticəsində tələb olunan sənədlərin sayı azalıb və xidmətlərdən istifadə rahatlaşıb. Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin koordinatoru Nailə Daşdəmirova nəzərə çatdırdı ki, nazirliyin “Qaynar xətt” xidmətinə son vaxtlar daha çox sorğu xarakterli müraciətlər edilir.
Brifinqdə qeyd olundu ki, artıq "Doğum haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi; xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu; özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi xidmətləri də elektron formada həyata keçirilir.
Xatırladaq ki, brifinq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin 2017-ci ildə nəzərdə tutulan İş Planına əsasən gördüyü işlərə həsr olunmuşdu.