Tütünlə mübarizədə KİV-lərin roluna dair seminar keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

31 MAY 2017

Tütünlə mübarizədə KİV-lərin roluna dair seminar keçirildi (FOTO)

31 may 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM)  kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Tütün – inkişaf üçün təhlükə!” mövzusunda yarım günlük seminar təşkil olundu. 31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş seminar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin dəstəyi ilə keçirildi.  Tütünlə mübarizə sahəsində İSİM-in yaydığı məlumatların KİV vasitəsi ilə ictimaiyyətə çatdırıldığı nəzərə alınaraq, bu mübarizənin daha yaxşı səmərə verməsi üçün müxtəlif ölkələrdə tətbiq edilən metod və alqoritmlər barədə seminar iştirakçılarına geniş məlumat verildi.

İSİM-in mütəxəssisləri Tofiq Musayev, Səbinə Babazadə və Aytən Məmmədova Ümumdünya Tütünsüz Gününün builki mövzusu olan “Tütün - inkişaf üçün təhlükə!”nin aradan qaldırılmasında KİV-lərin rolundan söz açaraq, tütün tüstüsünün bir sıra xəstəliklərin risk faktoru olduğunu sübut edən dəlilləri,Səlmi Əliyeva isə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” yeni qanun layihəsi barədə məlumatları iştirakçıların diqqətinə çatdırdılar.  

Tanınmış jurnalist-politoloq Tofiq Abbasov çıxışında bildirdi ki, tütün istifadəçilərinin əksəriyyəti bu zərərli vərdişin fəsadlarından xəbərsizdir və bu istiqamətdə geniş təbliğatın aparılmasında mətbuatın üzərinə mühüm vəzifə düşür.   

Media nümayəndələrinə həmçinin “Tütün epidemiyası – problemlər, prioritetlər, nailiyyətlər” haqqında, o cümlədən ictimaiyyətin maariflənməsi sahəsində İSİM tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verildi.

Seminarda iştirak edən KİV nümayəndələrinə sonda sertifikatlar və hədiyyələr təqdim olundu.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.