31 MAY 2017
“Tütün - öldürücü təhlükə” adlı təlim təşkil olundu (FOTO)
31 may 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Tütün – öldürücü təhlükə” adlı maarifləndirici təlim keçirildi. Təlim Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən təşkil olunmuşdu.
İSİM-in mütəxəssisi Şəhla Mirzəzadə Akademiyanın tələbələrinə tütünün insan orqanizminə vurduğu zərərlər barədə geniş məlumat verdi, tütün tüstüsünün qeyri-infeksion xəstəliklərə, o cümlədən psixoloji problemlərə səbəb olduğunu göstərən faktları və dəlilləri onların diqqətinə çatdırdı.
İştirakçılarla interaktiv formada davam edən təlimdə mütəxəssis tütündən istifadəni tərgitməyin yollarından və bununla bağlı İSİM tərəfindən əldə olunan təcrübədən söz açdı. Təlimin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq həyata keçirildiyini diqqətə çatdıran Şəhla Mirzəzadə tütünün və tütün məmulatlarının sağlamlığa, inkişafa təhlükə olduğunu bir daha vurğuladı.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.