Şəmkirdə “Məktəblilərin sağlam qidalanması” mövzusunda təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

19 MAY 2017

Şəmkirdə “Məktəblilərin sağlam qidalanması” mövzusunda təlim keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 19 may 2017-ci il tarixdə Şəmkir Bilik Evində təlim keçirdi. Şəmkir rayon məktəbliləri, müəllim və valideynlərin iştirak etdiyi təlim məktəblilərin sağlam qidalanmasına həsr olunmuşdu.

İSİM-in həkim-metodisti Şəhla Mirzəzadə iştirakçılara sağlam qidalanma ilə bağlı ətraflı məlumat verdi. O bildirdi ki, sağlam qidalanma dedikdə balanslı bölünmüş zülal, karbohidrat, yağ, su, vitaminlər və minerallarla zəngin müxtəlif qida maddələrinin qəbulu nəzərdə tutulur. Sadəcə protein və ya karbohidratlarla qidalanmağın yanlış olduğunu vurğulayan mütəxəssis, xüsusən gənc nəslin sağlam inkişafında vitaminlərin, mineralların vacib rol oynadığını diqqətə çatdırdı.

İSİM-in mütəxəssisi Aysel Əkbərzadə məktəblilərin hər yaşa uyğun düzgün qidalanmasının əhəmiyyətindən söz açdı. O bildirdi ki, məktəbəqədər və məktəbyaşlı uşaqlar hər gün ən azı dörd dəfə qida qəbul etməli, qida qəbulları arasında meyvə və tərəvəzlər yeyilməlidir.

Təlimin sonunda iştirakçılara İSİM-in məktəbyaşlı uşaqlar üçün sağlam qidalanma mövzusunda hazırladığı məlumatlandırıcı materiallar paylanıldı.