4 MAY 2017
İSİM-in nümayəndəsi Beynəlxalq Səhiyyə Siyasəti Forumunda iştirak edir
Amerika Birləşmiş Ştatlarının “Last Mile4D” qurumu, Milli və Beynəlxalq Səhiyyə Hüququ üzrə “O’Neill” İnstitutu və Gürcüstanın Cərrahi Onkologiya Cəmiyyətinin təşkilatçılığı ilə 4- 6 may 2017-ci ildə Gürcüstanın Tiflis şəhərində Beynəlxalq Səhiyyə Siyasəti Forumu keçirilir. Forumda Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Ermənistan və ABŞ-dan olan mütəxəssislər, onkoloji xəstələrə qayğı göstərən sosial işçilər iştirak edirlər. Forumun təşkilində əsas məqsəd – palliativ və hospis yardımına ehtiyacı olan xəstələrə daha təkminləşdirilmiş tibbi, sosial, psixoloji köməyin göstərilməsi üçün müvafiq təşkilatlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır. Bu sahədə çalışan mütəxəssislər bir araya gələrək, öz təcrübələrini bölüşməklə yanaşı, ən yaxşı metodları müəyyənləşdirmək, eyni zamanda bu sahədə qanunvericilik bazasını və normativ hüquq aktlarını inkişaf etdirmək istiqamətində müzakirələr keçirir, fikir mübadiləsi aparırlar. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir əvəzləyicisi Nabil Seyidov da forumda təmsil olunur. İSİM-in nümayəndəsi N. Seyidov Azərbaycanda bu sahədə görülən işlər, planlar, prespektivlər, eləcə də 2016-ci ilin sonunda palliativ qayğı xidmətlərinə olan ehtiyacların dəyərləndirilməsi və resusların xəritələşdirilməsi ilə bağlı keçirilmiş sorğunun ilkin nəticələrinə dair təqdimatla çıxış edəcək.