Autizmli uşaqların iştirakı ilə konsert keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

1 MAY 2017

Autizmli uşaqların iştirakı ilə konsert keçirildi

30 aprel 2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə xor və ritm qrupunun ilk konserti oldu. “Beynəlxalq Autizm Maarifləndirmə ayı" çərçivəsində keçirilən tədbir Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyi, “Natiq” Ritm Qrupu, Paşa Bank və “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutdu. İzmir Autizm Orkestrinin də qatıldığı “Autizm – fərqli və bizdən biri” adlı konsert proqramı Azərbaycan və Türkiyənin Dövlət himnlərinin sədaları ilə başladı. İki qardaş ölkənin autizmli uşaqlarının ifasından sonra məşhur sənət adamlarının çəkildiyi “Mənim adım autizmdir” videoçarxı nümayiş olundu. İzmirli iştirakçıların solo ifaları və qrup çıxışlarının ardınca səhnəyə azərbaycanlı uşaqlar çıxdı. Autizmli uşaqların ifasında səslənən “Bakı”, “Gəl, ey səhər”, “Həyat, sən nə qəribəsən” mahnıları və  onların “Natiq” Ritm Qrupu ilə göstərdikləri kompozisiya alqışlarla qarşılandı. Tədbirdə çıxış edən sənət adamları və təşkilatçılar bildirdilər ki, bu kimi tədbirlər cəmiyyətdə autizmlə bağlı daha geniş maarifləndirmənin aparılmasında, eləcə də autizmli uşaqların cəmiyyətə inteqrasiyasında böyük əhəmiyyət daşıyır. Tədbirin sonunda autizmli uşaqlara müxtəlif xatirə hədiyyələri təqdim olundu.