21 APRIL 2017
Tütünlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini İSİM-in direktoru Ceyhun Məmmədov təmsil etdi
2017-ci il aprelin 17-21 tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində “Tütünlə mübarizə və tütünə qarşı vergilərin müəyyən olunması” üzrə tədbir keçirildi. Dünya Bankının Tütünə Nəzarət sektorunun Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə keçirdiyi tədbirin əsas məqsədi tütün istifadəsini azaltmaq və milli səviyyədə tütün məmulatlarına tətbiq olunan vergi siyasəti haqda təcrübə mübadiləsinin aparılmasını təmin etmək idi. İştirakçı ölkələr sırasında Azərbaycan, Belarus, Brazilya, Çin, Bosniya Hersoqovina, Kolumbiya, Efiopiya, Qabon, Hindistan, İndonesiya, Qazaxıstan, Meksika, Moldova, Monteneqro, Myanma, Cənubi Afrika, Botsvana, Pakistan, Rusiya, Vyetnam, Türkiyə, Ukrayna, Özbəkistan və başqaları təmsil olunurdu. Tədbirə həmçinin Qərbi Afrika İqtisadi və Valyuta Birliyi, Karib İqtisadi Birliyi və Avropa Birliyi kimi məşhur təşkilatların təmsilçiləri də qatılmışdı.
Dünyanın 35-dən çox ölkəsinin maliyyə və səhiyyə üzrə rəsmi nümayəndəsinin qatıldığı bu tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov təmsil etdi.
Tədbir çərçivəsində keçirilən sessiyalarda tütünün bütün ölkələrin səhiyyəsinə və iqtisadiyyatına təsiri ilə bağlı məlumatlar açıqlandı, siqaretin səbəb olduğu xəstəliklərə ayrılan səhiyyə xərclərinin ildən-ilə artırıldığı bildirildi. Qeyd olundu ki, tütünlə bağlı verginin tətbiq olunması onun istehlakını azaltmağın ən yaxşı yollarından biridir. Tədbirdə iştirak edən ölkələrin nümayəndələrinin diqqətinə çatdırıldı ki, tütünlə bağlı vergilərin artırılması, eyni zamanda hər bir ölkə üçün vergi bazasının artmağına və inkişaf prioritetlərini maliyyələşdirmək üçün lazımi vəsaitin əldə olunmasına kömək edə bilər.