İSİM-in əməkdaşları “Sağlam Təhsil - Sağlam Millət” layihəsi çərçivəsində keçirilmiş elmi-praktiki konfransda iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

19 APRIL 2017

İSİM-in əməkdaşları “Sağlam Təhsil - Sağlam Millət” layihəsi çərçivəsində keçirilmiş elmi-praktiki konfransda iştirak etdilər

18 aprel 2017-ci il tarixdə Azərbaycan Tibb Universitetində (ATU) “Sağlam Təhsil - Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirildi. Layihə çərçivəsində məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm vəzifələrin həlli ilə bağlı əldə olunan müsbət göstəricilər tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Müxtəlif dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu konfransda təhsilin keyfiyyətinin yüksəldilməsi yollarından, o cümlədən sağlam həyat və mühitin şagirdlər üçün olduqca vacib məsələ olmasından bəhs edildi. Konfransda iştirak edən Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi və gigiyenası Elmi-Tədqiqat İnstitutunun direktoru,  professor V. Kuçmanın məruzələri böyük maraqla qarşılandı. Konfransda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndə heyəti də iştirak edirdi. İSİM-in Səhiyyə Siyasəti və İslahatlar şöbəsinin müdir müavini Nabil Seyidov konfrans iştirakçılarına “Uşaq və yeniyetmələrin sağlamlığının qorunması və sağlam həyat tərzinin formalaşmasının işlək modeli olan “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsi haqqında  məlumat verdi. Nabil Seyidov dünyanın qabaqcıl ölkələrində sağlamlığın təbliği ilə bağlı orta məktəblərdə fəal təbliğat aparıldığını nəzərə çatdırdı: “Bütöv məktəb yanaşması olan “Sağlamlığı təşviq edən Məktəblər” sistemli şəkildə bütün məktəbli uşaqların və məktəbdə işləyən müəllim və qeyri-müəllim əməkdaşların rifahı və sağlamlığına yönəlmiş tədbirlər həyata keçirən məktəbdir”.  Mütəxəssis uşaqların məktəbdə oxuduqları dövrdə düzgün şəraitdə inkişaf etdirilməsi, sağlam həyat tərzinə riayət olunması, düzgün qidalanması və digər faktorlarla bağlı İSİM-in həyata keçirdiyi işlər barədə tədbir iştirakçılarına məlumat verdi. N.Seyidov həm də Azərbaycan məktəblərində şagirdlərin ən çox əziyyət çəkdiyi xəstəliklər: qamətin pozulması, skolioz, kifoz, lordoz, görmə problemləri, həzm və sinir sistemi xəstəliklərindən və bunların qarşısının lazımi profilaktik tədbirlər vasitəsilə alına bilməsi yollarından söz açdı.

Digər çıxışlarda da uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq və təbliğ olunmasının əhəmiyyəti, eləcə də sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyi vurğulandı. Konfransın sonunda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.