Bakıda Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

ПРЕССА АРХИВ ПРЕССЫ

ПРЕССА / 15 ОКТЯБРЯ 2019

www.azertag.az

Bakıda Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Oktyabrın 15-də Bakıda Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə azərbaycanlı mütəxəssislər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Dünya Psixi Sağlamlıq Gününün qeyd olunmasını psixi sağlamlığın problemləri və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşımasını diqqətə çatdırıb. Bildirilib ki, dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur: “Dünya Səhiyyə Təşkilatının bu göstəricisi intihar hallarının dünya miqyasında nə dərəcədə ciddi məsələ olduğunu göstərir. Digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox olmasa da, təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur”.

Professor qeyd edib ki, Azərbaycanda intihar edənlər arasında uşaqlar, gənclər və ahıllar da var: “İntihar hallarının səbəbləri müxtəlifdir. Əsas diqqət intihar hallarının profilaktikasına, o cümlədən, intihar hallarına səbəb olan amillərin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına yönəldilməlidir. Bu məqsədlə bütün müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, vətəndaşlar, biznes qurumları öz fəaliyyətləri çərçivəsində əməkdaşlarının və əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə diqqət yetirməyə çalışmalıdır”.

Rektorun sözlərinə görə, müasir texnoloji dövrdə uşaqların psixi sağlamlığını qorumaq məqsədilə onları zərərli məlumatlardan müdafiə etmək lazımdır. Bununla yanaşı, ailədə və ailədənkənar yerlərdə uşaqlara qarşı şiddət aradan qaldırılmalıdır: “İş yerlərində əməkdaşların psixi sağlamlığının yaxşılaşdırılması, gərginliyin, stressin azaldılması, psixi sağlamlıqda problemi olan əməkdaşların erkən aşkarlanması və onlara yardım edilməsi zəruridir. Eyni zamanda psixi pozuntuları, o cümlədən, psixoloji problemləri olan vətəndaşların vaxtında müayinə və müalicəyə cəlb olunması, onların müvafiq dərman preparatları ilə təmin edilməsi, əlbəttə, diqqət mərkəzində olmalıdır. Azərbaycanda da bu məsələlərə mühüm diqqət yetirilir”.

Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycan üzrə rəhbəri Hande Hermançı, UNİSEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin, Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə öz çıxışlarında bildiriblər ki, DST və tərəfdaşları nəinki intiharın əleyhinədirlər, həm də özünəqəsdə cəhd edən adamların lazımi qaydada müalicə edilməsini və nəzarətdə saxlanmasını, həmçinin intihar hadisələrinin kütləvi informasiya vasitələrində ehtiyatla işıqlandırılmasını vacib sayırlar. Diqqətə çatdırılıb ki, 1992-ci ildən etibarən hər il oktyabrın 10-u Dünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Hər il Dünya Psixi Sağlamlıq Federasiyası DST ilə birgə günün mövzusunu təyin edirlər. Bu il Psixi Sağlamlıq Gününün əsas məqsədi və şüarı intihar hallarının qarşısının alınmasıdır. Psixi sağlamlıq insanın öz qabiliyyətini reallaşdıra bildiyi, adi həyat stresslərinin öhdəsindən gəldiyi, səmərəli çalısa bildiyi vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Dünya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşağı olması həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Sürətli sosial dəyişikliklər, işdə stress vəziyyəti, gender ayrı-seçkiliyi, sosial təcrid, qeyri-sağlam həyat tərzi, zorakılıq təhlükəsi, fiziki xəstəliklər, eləcə də insan hüquqlarının pozulması da psixi sağlamlığın pozulmasını şərtləndirən amillərə aid edilir. Bundan əlavə, insanları psixi pozuntulara həssas edən xüsusi psixoloji və şəxsiyyət amilləri, həmçinin genetik faktorlar və beyində kimyəvi maddələrin tarazlığının itməsi kimi bioloji səbəblər də var. Statistikaya görə, orta hesabla, dünyada zorakı ölüm hadisələrinin yarısı intiharların payına düşür. Bütün dünyada intiharın vaxtsız ölümün qarşısı alına bilən əsas səbəblərdən biri olduğu barədə ictimaiyyəti daha çox məlumatlandırmaq lazımdır. Hər bir hökumət intiharların qarşısının alınması üçün milli strategiya hazırlamalı və əhali arasında intihar və özünə qəsd əhval-ruhiyyəsinin profilaktikası üçün konkret tədbirlər həyata keçirməlidir. Hesablamalara görə, dünyada uşaq və yeniyetmələrin təxminən 20 faizinin psixi pozuntuları və ya problemləri var. Bununla belə, ölkələrin əksəriyyətində uşaq psixiatrlarının sayı çox azdır. Depressiya dünyada əlilliyə səbəb olan ən başlıca xəstəliklərdəndir. Hər il yer üzündə orta hesabla 800 min insan intihar edir, 67 min yeniyetmə özünə xəsarət yetirərək dünyasını dəyişir. Halbuki intiharın əksər hallarda səbəbi olan psixi pozuntuları müalicə etmək mümkündür. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir. Müharibələr və digər fəlakətlər də psixi sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərir.

Çıxışlarda Azərbaycanda psixi sağlamlığın müdafiəsi baxımından görülən tədbirlər, planlaşdırılan addımlar haqqında məlumat verilib. Qeyd olunub ki, 2011-ci ildə Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlığın Müdafiəsinə Dair strategiya qəbul edilib, həmin strategiyada həm uşaq və yeniyetmələrin, həm də böyük yaşlı əhalinin psixi sağlamlığının qorunması ilə bağlı məsələlər öz əksini tapıb.

Konfransın elmi hissəsi tematik məruzələrlə davam edib. “Azərbaycanda Psixi sağlamlıq xidmətləri", "Uşaq Qaynar Xəttləri və uşaqlar arasında intihar hallarının önlənməsi", "Psixi sağlamlığın mühafizəsində innovativ yanaşmalar və informasiya texnologiyaları: beynəlxalq təcrübə", “Qadınlarda intihar”, “Qanunla ziddiyyətdə olan və zorakılığa məruz qalmış uşaq və yeniyetmələrin psixi sağlamlığı", “Azərbaycan və Avropa İttifaqı ölkələrində stasionar psixiatriya yardımının müqayisəli təhlili”, “Bir ailənin faciəsi və onun yeniyetmələrin psixi vəziyyətinə təsiri” və digər maraqlı mövzularda elmi məruzələr dinlənilib.

https://azertag.az/xeber/Bakida_Dunya_Psixi_Saglamliq_Gunune_hesr_olunmus_elmi_praktik_konfrans_kechirilib__YENILANIB-1342584