ПРЕССА / 1 ОКТЯБРЯ 2019
Praqada alkoqoldan istifadənin azaldılması üzrə Dünya Səhiyyə Təşkilatının Qlobal Strategiyası müzakirə olunub
Çexiyanın paytaxtı Praqada sentyabrın 30-dan oktyabrın 1-nə qədər Dünya Səhiyyə Təşkilatının (DST) Alkoqoldan istifadənin azaldılması üzrə Qlobal Strategiyanın və Alkoqoldan istifadənin azaldılması üzrə DST-nin Avropa Fəaliyyət Planının (2012–2020) həyata keçirilməsi ilə bağlı regional müşavirə keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə müşavirədə iştirak edib.
AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib ki, müşavirənin keçirilməsində əsas məqsəd alkoqoldan istifadənin azaldılması üzrə DST-nin Qlobal Strategiyası təsdiq olunduqdan sonra ötən on il ərzində qazandığı uğurlara, həmçinin strategiyanın həyata keçirilməsində yaranan problem və çətinliklərə ümumi nəzər salmaq, eyni zamanda yeni tədbirlər və tövsiyələr hazırlamaqla ölkələr səviyyəsində alkoqoldan istifadənin azaldılmasına nail olmaq idi.
Çexiya Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən müşavirədə DST-ə üzv olan 35 ölkənin (Azərbaycan, İtaliya, Avstriya, Rumıniya, Xorvatiya, Estoniya, Norveç, Özbəkistan, Belarus və s.) nümayəndələri iştirak ediblər. Müşavirədə alkoqoldan istifadənin azaldılması üzrə Qlobal Strategiya sisteminə uyğun olaraq, alkoqolun istehlakı və sağlamlığa təsiri ilə bağlı monitorinqin nəticələrinə nəzər salınıb, ÜST-nin alkoqolun zərərli təsirini azaltmaq üçün Avropa Fəaliyyət Planının (2012-2020) həyata keçirilməsinin effektivliyini artırmaq məqsədilə yol xəritəsinin ilk layihəsi ətrafında müzakirələr aparılıb.
Ölkələr üzrə mövcud vəziyyəti müzakirə edən nümayəndələr alkoqoldan istifadənin azaldılması üçün daha geniş miqyasda tədbirlərin həyata keçirilməli olduğunu və birgə çalışmağın vacibliyini vurğulayıblar. Nümayəndələr ölkələrində bu istiqamətdə görülən işləri və əldə edilən təcrübələri digər iştirakçıların diqqətinə çatdırıblar.
Müşavirənin son günü ölkələrin nümayəndələri arasında qrup müzakirələri aparılıb və gələcək planlarla bağlı fikirlər dinlənilib.