ПРЕССА / 13 МАЯ 2019
Koreyada keçirilmiş beynəlxalq təlim proqramının iştirakçıları Azərbaycanda icbari dövlət tibbi sığortasının tətbiqi prosesi ilə tanış olublar
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev tibbi sığorta məsələlərinə dair Koreya Respublikasında keçirilmiş ongünlük təlimdən qayıdıb. Q.Haqverdiyev AZƏRTAC-a müsahibəsində Koreyada keçirilmiş təlim haqda, icbari tibbi sığortanın tətbiqinə hazırlaşan Azərbaycan üçün bu təlimin əhəmiyyəti barədə danışıb.
-2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda icbari tibbi sığorta (İTS) tətbiq ediləcək. Koreyada keçirilmiş təlim ölkəmizdə İTS-yə keçidə hazırlıq baxımından Azərbaycan üçün nə dərəcədə faydalı oldu? Azərbaycan İTS-nin tətbiqi layihəsinin hazırlanmasında koreyalı həmkarların təcrübəsindən istifadə edibmi?
-Bu təlim Koreyada və nümayəndələri həmin tədbirdə iştirak edən digər ölkələrdə tibbi sığorta təcrübəsi ilə tanış olmaq baxımından çox faydalı oldu. Mühazirəçilər BMT-nin bütün əhalini tibbi yardımla əhatə etmək hədəfi ilə bağlı məsələlər, səhiyyənin maliyyələşdirilməsi yolları, tibbi sığortanın müxtəlif aspektləri, bu sahədə mövcud problemlər və onların həlli yolları barədə danışdılar. Bu informasiya son dərəcədə faydalı oldu və tədbir çərçivəsində keçirilmiş təqdimatlar, orada əldə etdiyim materiallar barədə məlumatı Dövlət İcbari Sığorta Agentliyindən olan həmkarlarımla hökmən bölüşəcəyəm. Bundan əlavə, biz orada əldə etdiyimiz biliklərdən gələn ilin əvvəlindən etibarən bütün respublikada icbari tibbi sığortanın tətbiqinə nail olmaq üçün həmin agentliyin və Səhiyyə Nazirliyinin birgə işində istifadə edəcəyik.
-Təlimlərin mahiyyəti nədən ibarət idi?
-Tibbi sığorta proqramında bütün dünyada səhiyyə sistemini təmsil edən 600-dən çox dövlət məmuru və ekspert iştirak edirdi. Beynəlxalq təlim proqramları iştirakçı ölkələr arasında uğurlu münasibətlərin qurulmasında mühüm rol oynayır, eyni zamanda, bu ölkələrdə səhiyyə sisteminin inkişafına öz töhfəsini verir.
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı elan edib ki, Davamlı İnkişafın Hədəfləri çərçivəsində 2030-cu ilə qədər hər kəs səhiyyə xidmətləri ilə əhatə olunacaq, o cümlədən maliyyə risklərindən müdafiə, keyfiyyətli əsas tibbi-sanitar xidmətlərin, təhlükəsiz, səmərəli, keyfiyyətli və ucuz dərman vasitələrinin və vaksinlərin hamı üçün əlçatan olması təmin ediləcək. Təlim kursunun iştirakçıları bu nəcib və eyni zamanda çətin məqsədə nail olmaq üçün öz ölkələrində prioritetli qanun və qərarları müəyyən etmək, onlar üçün daha münasib sığorta şərtlərini və inkişaf yollarını öyrənmək və inkişaf etdirmək imkanı əldə edirlər.
-Təlimlər kim tərəfindən təşkil edilmişdi və bu proqram nə üçün məhz Koreyada keçirilir?
-Ardıcıl olaraq on altıncı ildir ki, Koreya Respublikasının Milli Tibbi Sığorta Korporasiyası Dünya Bankının, Dünya Səhiyyə Təşkilatının və Beynəlxalq Sosial Təminat Assosiasiyasının ekspertlərinin dəstəyi və iştirakı ilə tibbi sığorta üzrə təlimlər keçirir. Ölkəmizin səhiyyə sistemi üçün çox əhəmiyyətli olan bu təlimdə iştirak etməyə namizədliyim Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən irəli sürüldü, Azərbaycan Respublikası Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi namizədliyimi təsdiq etdi.
Məlum olduğu kimi, bu gün Koreya bütün dünyada iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrdən biridir: o, ümumi daxili məhsulun həcminə görə dünyada 11-ci yeri, informasiya-kommunikasiya texnologiyalarının ixracına görə isə dünyada üçüncü yeri tutur. Cənubi Koreyanın bütün dünyada məşhur olan “Samsung”, “LG”, “Hyundai” və başqa nəhəng brendlərinin adları bizim oxucuların hər birinə tanışdır. Buna görə də dünyanın güclü iqtisadiyyata malik olan digər ölkələri ilə yanaşı, Koreyada da başqa ölkələrə kömək proqramları həyata keçirilir. Koreya Respublikası Azərbaycan Hökuməti ilə əməkdaşlıq çərçivəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) vasitəsilə müxtəlif qrant proqramları təqdim edir, dövlət müəssisələrinin əməkdaşları üçün təlimlər, magistraturada təhsil və digər tədbirlər keçirir.
-Koreyada səhiyyə sistemi ilə tanış ola bildinizmi?
- Mühazirələrdən və praktik məşğələlərdən əlavə, təlim iştirakçıları “Ilsan Hospital”a baş çəkdilər, orada Seul sakinləri üçün müalicə şərtləri və müalicə xərclərinin ödənilməsi qaydaları ilə tanış oldular. Bundan başqa, onlar Qanqam rayonundakı məşhur Sağlam Həyat Tərzi Məktəbinə baş çəkdilər. Koreya paytaxtının hər bir sakini heç bir ödəniş etmədən müxtəlif risk amillərinin mövcud olub-olmadığını öyrənmək üçün bu Məktəbdə müayinə olunmaq (məsələn, müasir kompüter aparatlarının köməyi ilə öz metabolik indeksini və stress səviyyəsini ölçmək və bu göstəricilərin nizamlanmasına dair tövsiyələr almaq) imkanına malikdir.
- Bu təlimdə kimlər iştirak edirdi?
- Təlimdə Asiya, Afrika, Yaxın Şərq və dünyanın başqa regionlarını təmsil edən 30 ölkədən təxminən 50 nümayəndə iştirak edirdi. Hər bir ölkənin nümayəndələri təqdimat keçirərək, həmin ölkədə səhiyyənin maliyyələşdirilməsi, tibbi yardım xərclərinin ödənilməsi prinsipləri, səhiyyə sistemi, icbari tibbi sığortanın tətbiqi təcrübəsi və sair məsələlər haqqında məlumat verdi. Mənim fikrimcə, təlimlərin ən maraqlı hissəsi bu təqdimatlar idi, çünki bu zaman təlimlərin hər bir iştirakçısı öz ölkəsində səhiyyənin nailiyyətlərini və problemlərini başqa ölkələrlə müqayisə etmək imkanı əldə edir. Mən də öz növbəmdə, Azərbaycan səhiyyəsinin uğurları, həmçinin dövlət icbari tibbi sığortasının tətbiqi, respublika əhalisinin əksəriyyətinin keyfiyyətli və pulsuz tibbi xidmətlə təmin edilməsi üçün ölkəmizdə həyata keçirilən mühüm tədbirlər haqqında danışdım. Bildirdim ki, son 15 ildə ölkəmizdə ən müasir avadanlıqlarla təchiz edilmiş təxminən 650 tibb müəssisəsi tikilib və ya əsaslı surətdə təmir edilib, tibbi kadrların ixtisasının artırılması, onların xarici ölkələrdə təhsil alması üzrə böyük iş aparılır, diplomdansonrakı fasiləsiz tibbi təhsil sistemi tətbiq edilib. Məsələn, bizim Mərkəzdə həkimlərin və tibb bacılarının peşəkar bacarıqlarının təkmilləşdirilməsi üçün simulyasiya mərkəzi yaradılır.
-Koreyanın özündə səhiyyənin və tibbi sığortanın səviyyəsi haqqında, bu sahədə başqa ölkələrlə təcrübə mübadiləsi aparmağa imkan verən məqamlar barədə bir qədər məlumat verməyinizi xahiş edirik...
- Koreyada tibbi turizm güclü inkişaf edib. Rusiyadan, Çindən, ABŞ-dan, digər Asiya və Avropa ölkələrindən buraya gələn xəstələrin sayı ilbəil artır. Tibbin inkişaf etmiş səviyyədə olduğu ölkələrin vətəndaşlarının Cənubi Koreyaya gəlməsi faktı bu ölkədə tibbi xidmətlərin daha əlçatan olmasından və bu xidmətlərin yüksək keyfiyyətindən xəbər verir.
Cənubi Koreyada təbabətin yüksək səviyyədə olmasına daha bir sübut ondan ibarətdir ki, bu ölkənin alimlərinin əsərləri müntəzəm olaraq nüfuzlu beynəlxalq tibbi jurnallarda dərc edilir. Koreyada həkimlik peşəsi həm yüksək əməkhaqqına, həm də təhsilin çətinliyinə görə ən nüfuzlu peşələrdən biri hesab edilir: şagirdlərin yalnız 1 faizi həkim olur, onlar 16 il təhsil alır, Amerikada və Avropada təcrübə keçirlər. Cənubi Koreyada onkoloji xəstəliklərə tutulmuş pasiyentlərin sağ qalma dərəcəsi, inkişaf etmiş digər ölkələrlə müqayisədə daha yüksəkdir.
Koreya səhiyyəsində rəqəmsal təbabətin son nailiyyətlərindən istifadə edilir. Məsələn, hər bir pasiyent tibbi müəssisəyə müraciət edərkən onun üçün elektron xəstəlik tarixi açılır, bütün təyinatlar və müayinələrin nəticələri oraya daxil edilir. Tibbi xidmətlərlə bağlı praktik olaraq bütün proseslər – qeydiyyat şöbəsinə elektron növbə, həkimin qəbuluna yazılma və başqa proseslər kompüterləşdirilib.
Koreyada tibbi sığorta məsələsinə gəlincə, Milli Tibbi Sığorta Sistemi ölkə əhalisinin çox hissəsini əhatə edir. Dövlət qulluqçuları və özəl şirkətlərdə işləyənlər əməkhaqqının az bir qismini tibbi sığorta fonduna ödəyirlər, əhalinin imkansız təbəqələrinin və güzəştli kateqoriyalara aid edilən vətəndaşların əvəzinə tibbi sığorta haqqı isə qismən və ya tamamilə dövlət tərəfindən ödənilir. Bütövlükdə, müalicə xərclərinin 60 faizdən 95 faizə qədəri tibbi sığorta vasitəsilə qarşılana bilər. Müalicə xərclərinin qalan hissəsini pasiyent özü ödəyir. Bu halda baza tibbi müayinə istisnadır: Koreyanın hər bir vətəndaşı iki ildə bir dəfə baza tibbi müayinədən keçməyə borcludur. Bu, bir tərəfdən yaxşıdır, çünki xəstə öz sağlamlığı üçün məsuliyyət hiss edir, amma digər tərəfdən, cəmiyyətin arzularını nəzərə alaraq, tibbi xərclərin ödənilməsində dövlətin payı ilbəil artır.