İSİM-də anım mərasimi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

ПРЕССА АРХИВ ПРЕССЫ

ПРЕССА / 20 ЯНВАРЯ 2010

Xalq qəzeti

İSİM-də anım mərasimi

20 Yanvar faciəsinin 20-ci ildönümü münasibəti ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində anım mərasimi keçirilib.

Tədbiri mərkəzin direktoru Ceyhun Məmmədov açaraq demişdir ki, xalqımız 1990-cı ilin 20 Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Həmin gün çətin sınağa çəkilən Azərbaycan xalqı bu sınaqdan qəhrəmancasına, üzüağ, müstəqillik və torpaqlarımızın bütövlüyü uğrunda mübarizələrdən mətin bir döyüşçü kimi çıxdı.

20 Yanvar ,əslində, öz torpağının müdafiəsinə qalxmış, ədalətsizliyə qarşı haqq səsini ucaltmış, güclü və məkrli düşmənlə üzbəüz qalmış dinc, əliyalın insanların rəşadət, mərdlik, qətiyyət və qəhrəmanlığıdır.

C. Məmmədov vurğuladı ki, bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğaraq ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.Lakin düşmənlərimiz öz çirkin məqsədinə çata bilmədilər. Azərbaycan xalqı bu qəddar, misli görünməmiş vəhşilik və amansızlıqla həyata keçirilmiş cəza tədbirindən nəinki qorxdu, əksinə qəlbində uzun illər bəslədiyi azadlıq arzularını bütün məhrumiyyətlərə baxmayaraq, həyata keçirtdi. Müasir, müstəqil, çiçəklənən Azərbaycan 20 Yanvar gecəsi şəhid olan soydaşlarımızın öz canlarını əbəs yerə qurban vermədiklərinə ən parlaq sübutdur.

Natiq bildirdi ki, faciədən dərhal sonra ulu öndərimiz Heydər Əliyev həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib Bakıda baş verən faciə barədə bütün dünyaya həqiqəti çatdırdı və cəsarətlə bu cinayətdə o vaxtkı SSRİ rəhbərliyini günahlandırdı. Ümummilli liderimizin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi və bu cinayətin səbəbləri və günahkarları açıqlandı. Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş soydaşlarımızın xatirəsi xalqımızın daim qəlbində olacaqdır.

Sonra İSİM kadrlar şöbəsinin müdiri Aris Rüstəmovun çıxışı dinlənildi. O dedi ki, 20 Yanvar bəşər tarixində ən qanlı, xüsusi qəddarlığı və amansızlığı ilə seçilən cinayətlərdən biridir. Həmin müdhiş gün öz haqq səsini ucaltmış, ədalətin bərqərar olunmasını istəyən, əzəli torpaqlarımızın müdafiəsinə qalxmış xalqa qarşı cəza aksiyası törədildi. Lakin günahsız insanların qəddarcasına qətlə yetirilməsi ilə nəticələnmiş aksiyanın təşkilatçıları öz murdar niyyətlərinə nail ola bilmədilər. Xalqımızın öz şanlı tarixinə daha bir qəhrəmanlıq, rəşadət səhifəsi yazaraq mətinləşdi və azadlıq, suverenlik uğrunda mübarizəsini əzmlə davam etdirdi. 20 Yanvar hadisələri ümumxalq faicəsi, həm də milli azadlıq hərəkatının önəmli səhifələrindən biridir.

Yeni Azərbaycan Partiyası İSİM təşkilatının sədri Yeganə Vəliyeva çıxışında 20 Yanvar şəhidlərinin mübarizlik simvoluna çevrildiklərini bildirdi və onların mərdliyinin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını dedi. İSİM-in əməkdaşı Tural Hacıyev bildirdi ki, 1990-cı ilin 20 Yanvarında şəhid olmuş soydaşlarımız gənclərimiz üçün qəhrəmanlıq, Vətənə sədaqət və rəşadət rəmzidirlər. Onların qəhrəmanlığı gənclərimizdə iradə, qorxmazlıq, doğma torpaq uğrunda hər an şücaətlə döyüşə atılmaq kimi keyfiyyətlərin təşəkkül tapmasında böyük rol oynayır.  20 Yanvar şəhidlərinin nurlu xatirəsi azərbaycanlıların qəlbində əbədi yaşayacaqdır.