ПРЕССА / 14 ИЮНЯ 2022
COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqatın II mərhələsi başlayıb
Ölkəmizdə səhiyyə işçiləri arasında aparılan yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqatın növbəti mərhələsinə start verilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən həyata keçirilən bu genişmiqyaslı araşdırma ilə bağlı sualları İSİM-in direktoru Qəhrəman Haqverdiyev cavablandırıb.
- İki ildən çoxdur ki, bütün dünya COVID-19 infeksiyası ilə mübarizə aparır, artıq pandemiyanın sona çatmaq üzrə olduğunu düşünmək olarmı?
- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2020-ci il martın 11-də elan olunan pandemiya dövründə Azərbaycanda görülən işlər infeksiyanın geniş yayılmasının və bununla da çoxsaylı ölüm hallarının qarşısını almağa, həm də COVID-19 xəstəliyini ağır keçirən şəxslərin müalicəsinin daha səmərəli təşkilinə imkan verdi. Pandemiya hələ bitməyib. Amma infeksiyanı törədən virusun zəifləməsi nəticəsində vaksinasiya səviyyəsi yüksək olan bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda çox az sayda xəstəlik halları (simptomsuz və az ağır) müşahidə edilir. Bununla belə, SARS-CoV-2 virusunun mutasiyaya uğrayaraq yeni tibbi problemlər yaratmaq potensialı tam istisna olunmur. Digər tərəfdən, son 70 ildə hər 10-20 ildən bir yeni virus infeksiyalarının peyda olması həm anti-epidemik tədbirlərin, həm də vaksinlərin hazırlanması və vaksinasiyanın nəticələrinin öyrənilməsinin olduqca əhəmiyyətli olduğunu göstərir.
- Tədqiqatlar COVID-19 infeksiyasına qarşı peyvəndlərin rolunu necə dəyərləndirir?
- Vaksinasiyanın effektivliyi həm tədqiqatlarda, həm də real həyatımızda bir daha öz təsdiqini tapır. Vaksinasiyanın sürəti, əhatəliyi və effektivliyinə görə nümunəvi ölkələr sırasında olan Azərbaycanda ilk növbədə tibb işçiləri, yaşlı, immuniteti çox zəif olan və xronik xəstəliklərdən əziyyət çəkən şəxslərin vaksinasiyası sayəsində bir çox ölümlərin və ağır xəstəlik hallarının qarşısı alınmış oldu.
- Hazırda ölkəmizdə həyata keçirilən “Vaksinlərin effektivliyinin öyrənilməsi” tədqiqatı ötən ildən başlayıb. Bir çox Avropa ölkəsində eyni vaxtda həyata keçirilən bu tədqiqatın məqsədi nədir?
- Pandemiya başlanan kimi, bir çox inkişaf etmiş ölkələrdə çoxsaylı tədqiqatlara start verildi. Tədqiqatçılar ilk dövrlərdən virusun xəstəlik törədici qabiliyyətini, yaratdığı ağırlaşmaların patofizioloji mexanizmlərini, virus əleyhinə dərmanların təsirini, habelə tətbiq olunan müxtəlif ictimai səhiyyə müdaxilələrinin effektivliyini və zəruriliyini öyrənməyə çalışırdı. Vaksinasiya prosesi başlanan kimi, bir sıra ölkələrdə real həyat şəraitində daha çox tədqiqatlar vaksinlərin effektivliyinin öyrənilməsinə yönəldi. Azərbaycan da istisna deyildi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə 2021-ci ilin aprel ayından etibarən ölkəmizdə 1500 tıbb işçisinin (həm həkimlər və orta tibb personalı, həm də xəstəxanaların inzibati və texniki əməkdaşları) iştirakı ilə COVID-19 xəstəliyinə qarşı vaksinlərin effektivliyinin öyrənilməsinə başlandı. Tədqiqatın gözlənilən elmi və ictimai səhiyyə baxımından ciddi əhəmiyyətini, habelə ilkin vaksinasiyanın ölkəmizdə məhz ənənəvi metodla hazırlanmış vaksinlə (Çin istehsalı olan koronovak vaksini), buster vaksinasiyanın isə həm Çin vaksini, həm də mRNT əsaslı vaksinlə aparıldığını nəzərə alaraq, onun dünyanın ən nəhəng klinik tədqiqatların qeydiyyatı sistemi olan ABŞ-ın www.clinicaltrials.gov bazasında qeydiyyatı təmin edildi.
- Araşdırmanın nəticələri necə qiymətləndirildi?
- İlk 9 ay ərzində 7 xəstəxanada çalışan 1500 tibb işçisinin dəstəyi və aktiv iştirakı sayəsində tədqiqatın ilkin mərhələsində mühüm nəticələr əldə edildi. İlkin təhlilin nəticələri nüfuzlu, impakt faktoru 4.3 olan “Qrip və digər respirator viruslar” jurnalında dərc edildi. Bu nəticələr həmçinin növbəti aylarda Azərbaycanda vaksinasiya tədbirlərinin planlaşdırılması baxımından da xüsusi önəm kəsb edir. Belə ki, tədqiqat çərçivəsində həm vaksinlərin effektivliyi, həm də təbii infeksiya və vaksinasiyadan sonra immunitetin yaranması və qoruyucu qabiliyyətinin müddəti də araşdırılır. İlkin nəticələrini nəzərə alaraq, ÜST və ABŞ-ın İnfeksiyalara Nəzarət Mərkəzi (US CDC) Qlobal Səhiyyə üçün İşçi Qrupu vasitəsilə bu önəmli tədqiqatı əlavə 1 il də davam etdirilməsinə dəstək verdi.
- Tədqiqatın II mərhələsində hansı işlər görüləcək?
- Bu mərhələdə aparılan tədqiqat sayəsində, infeksiyanı təbii keçirmiş və 2, 3 və hətta 4 doza vaksinasiyadan sonra immunitetin nə qədər qalıcı və güçlü olduğunu müəyyən etmək imkanı yaranacaq. Həmçinin payız və qış aylarında COVID-19 ilə yanaşı, qrip infeksiyası hallarının artma potensialını və iki infeksiyaya məruz qalan şəxslərin daha ağır xəstəlik keçirməsi ehtimalını nəzərə alaraq, tədqiqatın bu ikinci mərhələsində qrip virusunun yayılması və başvermə tezliyi də öyrəniləcək. Beləliklə, tədqiqat həm COVID-19, həm də qripə qarşı daha mükəmməl ictimai səhiyyə və antiepidemik tədbirlərin formalaşdırılması və həyata keçirilməsinə imkan verəcək, qərarların qəbulunun isə elmi sübutlara dayanıqlı olmasını təmin edəcək.
https://sehiyye.gov.az/media/xeberler-ve-yenilikler/covid-19-x-st-liyin-qarsi-peyv-ndin-effektivliyinin-d-y-rl-ndirilm-si-uzr-t-dqiqatin-ii-m-rh-l-si-baslayib/