25 НОЯБРЯ 2012
İSİM-in təşkilatçılığı ilə “Qadınlara qarşı zorakılığa YOX deyək!” şüarı altında tədbir keçirildi
Qadınlara qarşı zorakılıq dünyada yayılmış problemdir. BMT Baş Assambleyasının 17 dekabr 1999-cu ilin 54/134 qətnaməsinə əsasən, 25 noyabr Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü kimi qeyd olunur. Qadın və qızlara qarşı zorakılıq artıq pandemiya xarakteri aldığından, BMT Baş Assambleyası ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarına bu mövzuda müxtəlif tədbirlərin keçirilməsini təklif edir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) də öz növbəsində Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək istiqamətində tədbirlər görür.
Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq, İSİM-in təşkilatçılığı ilə 2012-ci il noyabrın 25-də “Park Bulvar” AVM-də “Qadınlara qarşı zorakılığa YOX deyək!” şüarı altında tədbir keçirildi.
Tədbirin məqsədi ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək və bu sahədə maarifləndirmə kampaniyasını aparmaq idi. Tədbirdə əhaliyə İSİM tərəfindən hazırlanan təqvim, buklet, brelok və digər maarifləndirici vəsaitlər paylanıldı. Əsasən kişilər üçün nəzərdə tutulan təqvimdə qadınlarımızı qoruyaq, sevək, hörmət edək kimi şüarlar, sitatlar qeyd edilib və bununla bir daha güclü cinsin nümayəndələrinə “Qadın dünyanın ən gözəl və qiymətli varlığıdır” ifadəsinin mahiyyəti xatırladılıb. Maarifləndirmə kampaniyası insanlar tərəfindən xüsusi maraqla qarşılandı. Tədbir “XəzərTV” telekanalı ilə işıqlandırıldı.