4 АПРЕЛЯ 2022
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Azərbaycan Kardiologiya Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalandı
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi (AKCİB) arasında 30 mart 2022-ci il tarixdə Anlaşma Memorandumu imzalandı. Sənəd İSİM və AKCİB arasında ikitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edir.
Memorandum “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Qəhrəman Haqverdiyev və AKCİB-in sədri Üzeyir Rəhimov tərəfindən imzalandı. Bu əməkdaşlıq əhalinin sağlamlığının qorunması istiqamətində, davamlı tibbi təhsil çərçivəsində həkim və orta tibb işçilərinin ixtisas üzrə elmi-praktik səviyyələrinin artırılması üçün beynəlxalq səviyyəli sertifikatlaşdırılmış tibbi və elmi-praktik tədbirlərin keçirilməsinə, elmi əməkdaşlığın inkişafına dəstək göstərmək məqsədi daşıyır.
Tərəflər əməkdaşlıq edərək, Azərbaycanda kardiologiya üzrə praktik təbabət sahəsində istifadə olunacaq klinik protokolların hazırlanması, o cümlədən həkim, rezidentlər və orta tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif mövzularda birgə tibbi elmi-praktiki konfrans və təlimlərin təşkili və keçirilməsini planlaşdırırlar.
Eyni zamanda, birgə əməkdaşlıqla, kardiologiya sahəsində elmi araşdırmaların və beynəlxalq əməkdaşlığın dəstəklənməsi, əhalinin sağlamlığının qorunması, tibbi yardımın təkmilləşdirilməsi və ailə təbabəti konsepsiyasının Azərbaycanda tətbiqi ilə bağlı konfrans, təlim, sosial layihələrin təşkili və keçirilməsi də nəzərdə tutulur.