“Qan donorluğunun inkişafı və təşkilinin prinsipləri” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

14 ИЮНЯ 2021

“Qan donorluğunun inkişafı və təşkilinin prinsipləri” mövzusunda seminar keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə əməkdaşlığı ilə 14 iyun 2021-ci il tarixdə seminar keçirildi. Onlayn platformada keçirilən seminar hematologiya və pediatriya kafedralarında təkmilləşdirmə kurslarında iştirak edən həkimlər üçün təşkil olunmuşdu.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə hər il 14 iyun – Ümumdünya Qan Donoru Günü ilə əlaqədar müxtəlif maarifləndirici tədbirlərin təşkil edildiyini bildirərək, təmənnasız qan donorluğunun inkişafı naminə ölkəmizdə görülən işlərin əhəmiyyətini vurğuladı.

ADHTİ-nin Pediatriya kafedrasının dosenti, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının koordinatoru, tibb elmləri üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova geniş təqdimatla çıxış edərək, qan  donorluğunun inkişafı və təşkilinin prinsipləri barədə ətraflı məlumat verdi.

Yekunda iştirakçıların sualları cavablandırıldı, səmərəli fikir mübadiləsi aparıldı.