COVID-19 pandemiyası dövründə ana və uşaq sağlamlığının mühafizəsi və infeksiyaların profilaktikası tədbirlərinin gücləndirilməsi layihəsinə start verilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

28 АВГУСТА 2020

COVID-19 pandemiyası dövründə ana və uşaq sağlamlığının mühafizəsi və infeksiyaların profilaktikası tədbirlərinin gücləndirilməsi layihəsinə start verilib

USAİD və UNİCEF-in dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Umidli Gələcək Sosial Təşəbbüslər İB birgə əməkdaşlıqda, COVID-19 pandemiyası dövründə ana və uşaq sağlamlığının qorunması işinin təkmilləşdirilməsi məqsədilə respublikanın 11 şəhər və rayonunda qadın məsləhətxanaları, uşaq poliklinikaları, şəhər və rayon xəstəxanalarının mama-ginekologiya, neonatologiya və pediatriya şöbələrinin həkim və tibb bacıları üçün təlim kursları təşkil edəcəklər.
Layihə çərçivəsində təşkil ediləcək təlim kurslarında UNİCEF, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və ÜST-ün beynəlxalq tövsiyələri, habelə Səhiyyə Nazirliyi və TƏBİB-in təlimatları əsasında ilkin mərhələdə 550 həkim və tibb bacısı iştirak edəcək. Növbəti mərhələdə isə www.ecourses.az onlayn təhsil platformasında keçiriləcək video-təlimlər isə daha 300 həkim və tibb bacısını əhatə edəcək. Layihənin sonunda hazırlanmış video-təlim kursu həmin portalda tibb işçilərinin istifadəsi üçün ilin sonunadək əlçatan olacaqdır ki, bu daha çox tibb işçisinin istənilən zaman platformaya daxil olub həmin kursdan yararlanmasına imkan verəcək.

Təlimlər zamanı iştirakçıların epidemiyalar dövründə cəmiyyətdə və tibb müəssisəsində infeksiyaların profilaktikası və nəzarəti işinin təşkili, koronavirus infeksiyasının yayılmasında icma əsaslı tədbirlərin həyata keçirilməsi, SARS-CoV-2 virusuna yoluxmuş hamilələrin və uşaqların müalicəsinin idarəedilməsinə dair bilik və bacarıqları artırılacaq.

İlkin təlimlər 250 nəfərdən çox tibb işçisinin iştirakı ilə Lənkəran, Şəki, Qazax, Şəmkir, Zaqatala rayonlarında və Gəncə şəhərində keçirilib. Sentyabr ayının əvvəlində Abşeron, Ucar, Quba, Ağcabədi rayonlarında və Şirvan şəhərində baş tutacaq növbəti təlimlərdə 250 həkim və tibb bacılarının iştirakı nəzərdə tutulub.