25 ИЮНЯ 2020
Səhiyyə Nazirliyinin nümayəndələri “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda keçirilən onlayn konfransda çıxış etdilər
25 iyun 2020-ci il tarixdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirildi.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.
Onlayn konfransda Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış etdilər.
Çıxışlarda bildirildi ki, ölkəmizdə narkomanlığa qarşı mübarizə narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması və profilaktik tədbirlər olmaqla iki əsas istiqamət üzrə aparılır və Dövlət Komissiyasının işçi qrupu narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların birgə əməkdaşlığına və işlərinin əlaqələndirilməsinə xüsusi əhəmiyyət verir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxış edərək, Dövlət Proqramının icrasını təmin etmək məqsədilə İSİM tərəfindən Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər Fondu, Nəsimi rayon İcra Hakimiyyəti, DİN Nəsimi rayon bölməsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlıq çərçivəsində aparılan geniş maarifləndirmə işlərindən söz açdı.
Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digər iştirakçıların çıxışlarında vurğulandı ki, narkomaniyaya qarşı müvafiq qurumlar, eyni zamanda cəmiyyətin bütün üzvləri tərəfindən birgə mübarizə aparılmalı, yeniyetmə və gənclər arasında keçirilən maarifləndirmə tədbirləri daimi xarakter almalıdır.