5 МАРТА 2020
Beynəlxalq ekspertlər İSİM-də koronavirus infeksiyasının mənşəyi, yayılma tezliyi və profilaktikası ilə bağlı geniş təqdimatla çıxış etdilər
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 3-5 mart 2020-ci il tarixdə “Reanimasiya/İntensiv terapiya və infeksion xəstəliklərin menecmenti” mövzusu üzrə keçirilən təlim çərçivəsində beynəlxalq ekspertlər yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı geniş təqdimatla çıxış etdilər. İSİM, Azərbaycan Tibb Universiteti və “Uptodate in Medicine”tərəfindən təşkil olunan təlimi ABŞ-ın Cosef xəstəxanasının pulmonoloqu, intensiv terapiya mütəxəssisi Stefen Hembel açdı. Beynəlxalq təlimçi-ekspertlər, səhiyyə və ictimai səhiyyə mütəxəssislərinin iştrak etdiyi təlimdə ağır pasiyentlərin reanimasiyası və ilkin menecmenti, turşu-qələvi pozuntuları və intensiv terapiya ilə əlaqədar mövzularla yanaşı, infeksion xəstəliklər barədə ətraflı məlumat verildi.
Sepsis, HİV, göbələk xəstəliklərinin müasir diaqnostikası, antimikrobial maddələr və yüksək müqavimət göstərən orqanizmlərdən söz açan Cənubi Karolina Universitetinin köməkçi professoru Cim Consonun koronovirus (COVID-19) infeksiyası barədə geniş təqdimatı dinlənildi. Virusun mənşəyi, yayılma tezliyi, diqnostikası barədə ətraflı məlumat verən ekspert müxtəlif ölkələrdə aparılan profilaktik tədbirlərdən, səhiyyə işçilərinin və əhalinin virusdan qorunma vasitələrindən danışdı. Cim Conson qeyd etdi ki, epidemiyaya qarşı görülən işlər qlobal, regional, milli səviyyədə həyata keçirilməli, xəstəxana siyəsəti doğru aparılmalı və hər bir kəs gündəlik gigiyena qaydalarına düzgün əməl etməlidir. Əhalinin sıx olduğu məkanlarda gigiyena qaydalarına ciddi riayət etməyi tövsiyə edən ekspert xüsusi olaraq vurğuladı ki, özündə qrip xəstəliyinin simptomlarını (qızdırma və öskürək, əzginlik, təngnəfəslik, diareya) müşayiət edən hər bir şəxs ilk növbədə yataq və istirahət rejiminə keçməli, zəruri olduğu halda ictimaiyyət arasına çıxdıqda qoruyucu maska taxmalı, ağırlaşma halları olduqda isə dərhal həkimə müraciət etməlidir.
Çıxış ətrafında geniş fikir mübadiləsi aparıldı, beynəlxalq ekspertlər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Şəkillərlə burada tanış olmaq olar.