5 ФЕВРАЛЯ 2020
İş yerlərində fiziki aktivliyin təbliği məqsədilə İSİM-də yoqa məşğələləri keçirilir
Müasir dövrdə dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da insanların daha çox oturaq həyat tərzi keçirməsi əhalinin sağlamlığına və qeyri-infeksion xəstəliklərin inkişafına təsir edən əsas amillərdən biridir.
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi əhali, o cümlədən iş yerləri üçün fiziki aktivlik proqramını təşviq etmək, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.Bu məqsədlə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) nahar fasiləsində yoqa məşğələləri keçirilir.
İSİM əməkdaşlarını fiziki aktivliyə cəlb etmək üçün keçirilən məşğələdə yoqanın tarixi, əhəmiyyəti və sağlamlığa faydalı təsirləri izah olunur. İSİM-in həkim-metodisti Teymur Hüseynov tərəfindən keçilən əyani məşğələlər iştirakçıların psixoloji, fizioloji sağlamlığının möhkəmləndirilməsinə müsbət təsir göstərir. Təbiətlə harmoniyanın yaradılmasında vacib rol oynayan yoqa məşqləri insanda emosional vəziyyəti yaxşılaşdırır, stressi aradan qaldırmaqda effektiv təsir edir.
Şəkillərlə burada tanış olmaq olar.