4 ОКТЯБРЯ 2019
Moskvada “Sağlamlığı təşviq edən məktəblər” (SHE) layihəsi üzrə illik seminar-toplantı keçirildi
3-4 oktyabr 2019-cu il tarixdə Moskva şəhərində “Sağlamlığı təşviq edən məktəblər” (SHE) layihəsi üzrə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin milli koordinatorlarının illik seminar-toplantısı keçirildi.
Ümumdünya Səhiyyə Təkilatının (ÜST) Avropa üzrə Regional Ofisi və Rusiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşlərin əsas məqsədi Sağlamlığı Təşviq edən Məktəblər (SHE) layihəsinin milli koordinatorlarının fəaliyyətinə dəstək olunması idi. İkigünlük seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə iştirak etdi.
Görüşlərdə 2019-2020-ci illər üçün Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün SHE layihəsi üzrə birgə iş planı nəzərdən keçirildi, məktəblərdə sağlam mühitin və rifahın yaradılması istiqamətində görülən işlərin nəticələri müzakirə edildi, əldə olunan nailiyyətlər diqqətə çatdırıldı, təcrübələr bölüşüldü. Seminarda milli koordinatorlar təqdimatla çıxış edərək, ölkə üzrə “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinə daxil olan məktəblərdə görülən işlər və əldə olunan nəticələr ilə bağlı iştirakçılara ətraflı məlumat verdilər. Sonda milli koordinatorlarla fərdi görüşlər, müzakirələr keçirildi, gələcək perspektivlər barədə fikir mübadiləsi aparıldı.
Xatırladaq ki, ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilmişdir. Azərbaycan 2017-ci ildən bu şəbəkənin üzvüdür. Şəbəkənin əsas məqsədi – məktəblərdə sağlamlığın təbliğini, şagirdlərin normal fiziki inkişafının təmin olunmasını, uşaqların sağlamlığının qorunmasını təşviq etməkdir.
Şəkillərlə burada tanış olmaq olar.