11 ИЮЛЯ 2019
Polis Akademiyasında "Sağlam qidalanma" mövzusunda maarifləndirici tədbir keçirildi
10 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında "Sağlam qidalanma" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə kurs rəisi, polis polkovnik-leytenantı Mehman Həsənov açaraq, maarifləndirici tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını bildirdi. Akademiyanın Tibb-sanitariya hissəsinin rəisi, tibb xidməti polkovniki Sərdar Əliyev akademiyada aparılan sanitar maarifi sahəsində görülən işlər barədə məlumat verdi.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova kursantlar qarşısında təqdimatla çıxış edərək, sağlam qidalanma ilə yanaşı sağlamlıq üçün davamlı fiziki aktivliyin əhəmiyyət kəsb etdiyini bildirdi. Kursantların böyük marağına səbəb olan təqdimatda L. Dadaşova sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması, qida məhsullarının etiketləri barədə məlumat verdikdən sonra onları maraqlandıran sualları cavablandırdı.
Tədbirin sonunda natiq əhalinin sağlamlığının qorunması istiqamətində İSİM tərəfinfən həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırdı və onlara sağlam qidalanmaya dair maarifləndirici materiallar təqdim etdi.
Şəkillərlə burada tanış olmaq olar.