8 МАЯ 2019
4 nömrəli Bakı Peşə Liseyində maarifləndirici tədbir keçirildi
7 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 4 saylı Bakı peşə liseyinin tələbə qızları üçün“Ana südü ilə qidalandırma” mövzusunda tədbir keçirildi.
Ana südü ilə qidalandırmanın həm ananın, həm də körpənin sağlamlığı üçün əhəmiyyətindən danışan İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə ana südü ilə qidalandırma ilə bağlı statistik məlumatları iştirakçıların diqqətinə çatdırdı. Ş. Mirzəzadə körpələri ana südü ilə qidalandırmanın qadın orqanizmi üçün faydası barədə ətraflı məlumat verdi: “Körpənin təbii yolla qidalandırılması ananın doğuş sonrası bərpa prosesinə müsbət təsir etməklə uşaqlığın yığılmasına kömək edir, laktostaz və mastitin əmələ gəlməsinin qarşısını alır, süd vəzisində və yumurtalıqlarda bədxassəli yenitörəmələrin inkişaf riskini azaldır, doğuşdan sonrakı ilk aylarda təkrar hamiləlikdən qoruyur”.
Sonda mövzu ətrafında müzakirələr aparıldı, auditoriyanı maraqlandıran suallar cavablandırıldı və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.
Şəkillərlə burada tanış olmaq olar.