6 МАЯ 2019
Polis Akademiyasında “Çoxfunksiyalı mobil telefonlardan çox istifadənin insan orqanizminə zərəri və internet asılılığı” mövzusunda tədbir keçirildi
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 6 may 2019-cu il tarixdə “Çoxfunksiyalı mobil telefonlardan çox istifadənin insan orqanizminə zərəri və internet asılılığı” mövzusunda əyani təhsil üzrə 1-ci kurs tələbələri üçün maarifləndirici tədbir təşkil edildi.
Tədbiri giriş sözü ilə kurs rəisi polis polkovniki Mehman Həsənov açaraq, maarifləndirici tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını bildirdi. Akademiyanın Tibb-sanitariya hissəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Sərdar Əliyev Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı akademiyada görülən işlər barədə danışdı.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova kursantlar qarşısında təqdimatla çıxış edərək, mobil telefonlardan həddindən artıq istifadənin insan orqanizminə zərəri və fiziki passivliyin yaratdığı xəstəliklər barədə geniş məlumat verdi, həmçinin mobil telefonlardan istifadə zamanı elektromaqnit dalğalarından qorunma üsullarını tədbir iştirakçıların diqqətinə çatdırdı.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.
Şəkillərlə burada tanış olmaq olar.