Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş veloyürüş keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

8 АПРЕЛЯ 2019

Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş veloyürüş keçirildi

Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar 7 aprel 2019-cu il tarixdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Veloparkda veloyürüş keçirildi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə keçirilən yürüşün devizi “Az avtomobil, çox həyat” idi.

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə təcili və təxirəsalınmaz tibbi yardım briqadalarının müşayiət etdiyi veloyürüşün  məqsədi insanlara sağlam həyat tərzini aşılamaq, fiziki aktivliyin əhəmiyyətini vurğulamaqdır. Yürüşdə Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət  Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri  iştirak etdilər.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Dünya Sağlamlıq Gününün bir sıra ölkələrdə müxtəlif aksiya və kampaniyalarla qeyd edildiyini vurğuladı: “Bakıda "Az avtomobil, çox həyat" devizi altında keçirilən veloyürüş sağlamlıq üçün aktiv həyat tərzinin, açıq havada gəzməyin vacibliyinə diqqət çəkmək məqsədi daşıyır”.

Aksiyanın təşkilatçılarından  olan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə bildirdi ki, bu gün biz iki əlamətdar günü birlikdə qeyd edirik: “Aprelin 6-sı Dünya Fiziki Aktivlik Günü, 7-si isə Dünya Sağlamlıq Günüdür. Velosiped sürmək fiziki aktivlik olmaqla yanaşı, sağlamlıq üçün də faydalıdır. İnsanlar aktiv həyat tərzinə üstünlük verməklə qeyri-infeksion xəstəliklərdən özlərini qorumuş olurlar ".

Yekunda yürüşdə iştirak edən qurumlar diplomlarla təltif edildilər.

Qeyd edək ki, 7 aprel – Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən etibarən keçirilir. Bu günün keçirilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltməkdir.

Şəkillərlə burada tanış olmaq olar.