21 ЯНВАРЯ 2019
İSİM-də “Əlilliyi olan şəxslərin müyəssərliyi” adlı beynəlxalq təlim keçirildi
18-19 yanvar 2019-cu ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyinin təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərin müyəssərliyi” adlı beynəlxalq təlim keçirildi. İSİM-də keçirilən təlimdə Qazaxıstan Respublikası “Erekşe tandau-Şelek” Korporativ Fondunun, o cümlədən Azərbaycanın dövlət təşkilatları və qeyri-dövlət sektorunun nümayəndələri iştirak etdilər.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Rüfət Rəhimov giriş sözü ilə çıxış edərək, Azərbaycan hökuməti tərəfindən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiyasının və onun fakültativ protokolunun 2009-cu ildə ratifikasiya edildiyini və ölkəmizdə əlilliyi olan şəxslərin həyat keyfiyyətinin artırılması üzrə mühüm tədbirlər həyata keçirildiyini bildirdi. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə əlilliyi olan şəxslər üçün mümkün ətraf mühitin formalaşdırılmasının vacibliyini vurğulayaraq qeyd etdi ki, bu təlim mümkün ətraf mühitin formalaşdırılması üçün mexanizmin əsas komponentlərinin təhlil edilməsi və ölkələr arasında təcrübə mübadiləsi üzrə istiqamətləndirilmişdir.
Təlimdə bildirildi ki, fiziki məhdudiyyətli şəxslərin və digər əlilliyi olan şəxslər üçün mümkün ətraf şəraitin yaradılması bir sıra amillərin yekunundan asılı olan çoxplanlı məsələdir. Fiziki məhdudiyyətli şəxslər üçün maneələrin olmayacağı həyatı təmin edə biləcək ixtisaslaşdırılmış mütəxəssislərin mövcud olması əsas rol oynayır, lakin mümkün mühitin formalaşdırılmasında əsas rollardan biri də vətəndaş cəmiyyətinə və fiziki məhdudiyyətli insanların özlərinə həvalə olunmalıdır. İkigünlük təlim proqramına əsasən, bir sıra sosial obyektlərə baş çəkildi və onlar fiziki məhdudiyyətli şəxslər üçün müyəssərlik predmeti üzrə təhlil olundu, eyni zamanda Azərbaycan Respublikası və Qazaxıstan Respublikasında əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması, həyat keyfiyyətinin artırılması məsələləri, inklüziv təhsilin həyata keçirilməsi üzrə görülən işlər diqqətə çatdırıldı.