İSİM-də QİX-in risk amillərinin öyrənilməsinə dair tədqiqatın məlumatlarının təhlilinə və hesabatının tərtibatına dair seminar keçirilir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

12 ДЕКАБРЯ 2017

İSİM-də QİX-in risk amillərinin öyrənilməsinə dair tədqiqatın məlumatlarının təhlilinə və hesabatının tərtibatına dair seminar keçirilir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “STEPS-2017” tədqiqatı üzrə məlumatların təhlili və hesabatın tərtibatına dair seminar təşkil olunub.

12-16 dekabr 2017-ci il tarixlərdə keçirilən seminarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında cari ilin avqust-sentyabr aylarında ölkə ərazisində aparılan qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair tədqiqat zamanı əldə olunmuş məlumatlar təhlil ediləcək. İSİM-in monitorinq və təhlil üzrə mütəxəssisləri ÜST-nin Avropa Regional ofisini təmsil edən QİX üzrə ekspertlərin yardımı ilə bir necə gün ərzində məlumatların təhlilə hazırlanması üzrə bacarıqlarını artıraraq, EPİ İnfo proqramı üzrə təhlil və məlumatların təqdimatını aparacaq, eyni zamanda “STEPS-2017” araşdırması üzrə təhlili sona çatdıracaqlar.

Xatırladaq ki, “STEPS-2017” tədqiqatı Səhiyyə Nazirliyinin tapşırığı və ÜST-nin dəstəyi ilə Dövlət Statistika Komitəsi tərəfindən ayrılmış Azərbaycanın 9 iqtisadi zonası (Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan) üzrə təyin olunmuş 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı arasında aparılmışdır. İSİM-in işçi qrupu və bu tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər tərəfindən həyata keçirilən sorğu zamanı respondentlərə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edərək, onlar arasında QİX-in risk amilləri öyrənilmişdir. İştirakçıların fiziki göstəriciləri (boy, çəki, qarının və ombanın dairəvi ölçüləri, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunmuş, verilən məlumatların dəqiqliyini təmin etmək üçün biokimyəvi nümunələrin analizi, qan nümunəsi (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək məqsədilə) götürülmüşdür.

Səhiyyə Nazirliyinin 07.03.2016-cı il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”na uyğun olaraq keçirilən sorğunun məqsədi ölkə əhalisi arasında QİX-lə bağlı vəziyyəti, respondentlərin ümumi sağlamlıq durumunun araşdırılması idi. Əldə edilən məlumatlar əhalinin sağlamlığının hazırkı vəziyyəti haqqında ümumi təsəvvürün formalaşmasına və gələcək istiqamətlərin müəyyənləşdirliməsinə yardım edəcək.

Bildirək ki, sorğu zamanı əldə edilən məlumatların statistik təhlili bitdikdən sonra nəticələr barədə yekun hesabat ictimaiyyətə təqdim olunacaq.