16 ОКТЯБРЯ 2017
İSİM-də 15 oktyabr – Ümumdünya Əl Yuma Gününə həsr olunmuş brifinq keçirildi (FOTO)
16 oktyabr 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Ümumdünya Əl Yuma Günü”nə həsr olunmuş brifinq keçirildi.
İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova giriş sözü ilə çıxış edərək, 2008-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən hər il qeyd olunan 15 oktyabr – Ümumdünya Əl Yuma Gününün tarixi barədə geniş məlumat verdi. O bildirdi ki, dünyada hər il 100-dən çox ölkədə 200 milyondan çox insan bu günlə bağlı keçirilən tədbirlərə cəlb olunur, təmiz əllərin sağlamlıq üçün əhəmiyyətini izah edən məlumat kampaniyaları aparılır. İSİM-in Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin əməkdaşı Elvina Əliyeva geniş təqdimatla çıxış edərək, sanitariya və gigiyena qaydalarına riayət olunmadığına görə dünyada baş verən xəstəlik hallarının statistikasını iştirakçıların diqqətinə çatdırdı. O vurğuladı ki, müasir elmi qənaətlərə görə, sabun ilə əl yuma, uşaq ölümlərinin əksəriyyətini təşkil edən diareya xəstəliklərinin və pnevmoniyanın qarşısını almaq üçün ən təsirli və ucuz yollardan biridir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya və gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov çıxışında bildirdi ki, əllər təmiz yuyulmadıqda, gigiyena qaydalarına riayət edilmədikdə dizenteriya, qarın yatalağı, hepatit, vəba və sair yoluxucu xəstəliklərin yayılması təhlükəsi yaranır. İnsanların gigiyena qaydalarına düzgün əməl etmədiyinə görə ölkəmizdə hər il qeydə alınan xroniki ağırlaşma hallarına diqqəti yönəldən Ziyəddin Kazımov bir daha vurğuladı ki, bu qaydaları mənimsəmək uşaqdan böyüyədək hər kəs üçün olduqca vacib məsələdir. Uşaqların gigiyenik vərdişlərə yiyələnməsinin vacibliyi və bu vərdişlərin insan psixologiyasına təsiri barədə “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova və təşkilatın psixoloqu tərəfindən ətraflı məlumatlar verildi.
Brifinqin yekununda gigiyena qaydaları ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.