PRESS / 12 DECEMBER 2019
“Uşaqlarda boy problemləri” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən, sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanması sahəsində profilaktik tədbirlərin görülməsi məqsədilə dekabrın 12-də “Uşaqlarda boy problemləri” mövzusunda konfrans təşkil olunub. Konfrans Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı, “Novo Nordisk” şirkətinin dəstəyi ilə keçirilib.
Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.
İSİM-in tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova konfransda çıxış edərək bildirib ki, Gəncə, Quba, Şəki, Lənkəran və ölkəmizin digər şəhərlərində bu mövzuda ilboyu seminarlar keçirilib və yekun konfransı Bakıda təşkil olunub: “Bu tədbirlərin təşkilində əsas məqsəd – boy qısalığı olan uşaqların erkən aşkarlanması və sübutlara əsaslanan tibbi müalicənin aparılması ilə fiziki inkişafdan geri qalmanın və əlilliyin qarşısının alınmasıdır”.
Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek Qənnadi uşaqlarda yaranan boy qısalığı problemlərinin ciddi problem olduğunu vurğulayaraq, bu məsələdə həkimləri, valideynləri məsuliyyətli olmağa və gənc nəslin sağlam inkişafına həssaslıqla yanaşmağa çağırıb.
Pediatr-endokrinoloqlar – Gündüz Əhmədov, Azad Əkbərzadə, İlsur Novruzov, Nabat Ağayeva və digər mütəxəssislər çıxış edərək, boy patologiyalarının etiologiyası, patogenezi və təsnifatı, boy geriliklərinin diaqnostikası, boy geriliyinin müalicəsi ilə bağlı ətraflı məlumat verdilər.
https://azertag.az/xeber/Usaqlarda_boy_problemleri_movzusunda_konfrans_kechirilib-1366596