PRESS / 5 OCTOBER 2019
Moskvada “Sağlamlığı təşviq edən məktəblər” layihəsi üzrə illik seminar-toplantı keçirilib
Rusiyanın paytaxtı Moskvada “Sağlamlığı təşviq edən məktəblər (SHE)” layihəsi üzrə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin milli koordinatorlarının illik seminar-toplantısı keçirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) səhiyyə kommunikasiyası şöbəsindən AZƏRTAC-a bildirilib ki, Dünya Səhiyyə Təşkilatının (DST) Avropa üzrə Regional Ofisi və Rusiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşlərin əsas məqsədi “Sağlamlığı təşviq edən məktəblər (SHE)” layihəsinin milli koordinatorlarının fəaliyyətinə dəstək olunması idi. İkigünlük seminarda İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə də iştirak edib.
Görüşlərdə 2019-2020-ci illər üçün Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün SHE layihəsi üzrə birgə iş planı nəzərdən keçirilib, məktəblərdə sağlam mühitin və rifahın yaradılması istiqamətində görülən işlərin nəticələri müzakirə edilib, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, təcrübələr bölüşülüb. Seminarda milli koordinatorlar təqdimatla çıxış edərək, ölkə üzrə “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinə daxil olan məktəblərdə görülən işlər və əldə olunan nəticələr ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Sonda milli koordinatorlarla fərdi görüşlər, müzakirələr keçirilib, perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, DST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi Avropanın 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib. Azərbaycan 2017-ci ildən bu şəbəkənin üzvüdür. Şəbəkənin əsas məqsədi – məktəblərdə sağlamlığın təbliğini, şagirdlərin normal fiziki inkişafının təmin olunmasını, uşaqların sağlamlığının qorunmasını təşviq etməkdir.