Bakıda XIX Beynəlxalq Gənclər Forumu keçirilir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

PRESS PRESS ARCHIVE

PRESS / 22 AUGUST 2019

www.azertag.az

Bakıda XIX Beynəlxalq Gənclər Forumu keçirilir

Avqustun 22-də Bakı Konqres Mərkəzində XIX Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Alovu paylaş, həyat xilas et” devizi altında keçirilən forumda çıxış edən Səhiyyə nazirinin müavini Elsevər Ağayev bu tədbirin ölkəmizdə ilk dəfə olaraq keçirildiyini və humanist mövzuya həsr olunduğunu bildirib. Nazir müavini Azərbaycanda qan donorluğu sahəsində qəbul olunan qanunvericilik aktları, dövlət proqramları haqqında məlumat verib. O, ölkəmizdə qan donorluğu sahəsində əldə olunan nailiyyətlərdən danışıb.

Nazir müavini, həmçinin qeyd edib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən etibarən “Talassemiyasız həyat naminə” layihəsi həyata keçirilməyə başlanıb. Müxtəlif ölkələrdən mütəxəssislər dəvət olundu, irsi qan xəstəliklərinə dair dövlət proqramı hazırlandı. Layihə cəmiyyət tərəfindən çox müsbət qarşılandı. 2005-ci ildə emal olunan donor qanının miqdarı 10 tona yaxın idisə, ötən il təxminən 4.5 dəfə artaraq 44 ton olub. Toplanan qanın böyük bir hissəsi gənclərin payına düşüb. Bu onu göstərir ki, Azərbaycan gəncləri humanizm prinsipləri ilə yaşayır, öz qanlarını ehtiyacı olanlardan əsirgəmirlər”.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanda gənclərin sağlamlığına xüsusi diqqət yetirildiyini, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında qan donorluğunun təbliği və təşviqinə yer ayrıldığını diqqətə çatdırıblar. Onlar gənclər arasında belə qanvermə aksiyalarının keçirildiyini vurğulayıblar.

BMT-nin Azərbaycan nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İshaqzai, Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının icraçı direktoru Sayah Abdelmalik, Beynəlxalq Gənclər Komitəsinin sədri Abdo Saad forumun dünyada könüllü, təmənnasız qan donorluğunun inkişafına öz töhfəsini verəcəyinə əminliklərini vurğulayıblar.

Tədbir məruzələrlə davam etdirilib. Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədovun “Qan donorluğunun inkişafı sahəsində Azərbaycan təcrübəsi”, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadənin “Qan donorluğu ictimai səhiyyənin əsas istiqaməti kimi”, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərovun “Qan donorluğunun inkişafında könüllülüyün rolu” mövzularında məruzələri dinlənilib.

Sonra Azərbaycanda könüllü qan donorluğunun təbliğat və təşviqat işlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Yekunda forumda iştirak edən ölkə nümayəndəliklərinin təqdimatları olub və könüllü donorluğun inkişafına töhfə verənlərə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, avqustun 21-dən 25-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin Birgə Təşkilatçılığı ilə gənclər üçün XIX Beynəlxalq Gənclər Forumu keçirilir. Forumun əsas məqsədi Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək, gəncləri bu humanist, xeyirxah işə həvəsləndirməkdir. Forumda 30-dan çox ölkədən nümayəndələr, o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının və Beynəlxalq Gənclər Komitəsinin rəhbər şəxsləri iştirak edirlər.

https://azertag.az/xeber/Bakida_XIX_Beynelxalq_Gencler_Forumu_kechirilir__YENILANIB_VIDEO-1320577