PRESS / 8 FEBRUARY 2019
İSİM-də səhiyyə sahəsində sosial fəaliyyət və könüllülüyün təbliği ilə əlaqədar təlim keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikasının Gənclər Fondu və İSİM-in birgə təşkilatçılığı ilə XI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği” layihəsi ilə əlaqədar təlim keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin tələbələri və ictimai səhiyyə sahəsində çalışan həkimlər üçün təşkil olunan təlimlərdə layihənin rəhbəri, İSİM-in səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə çıxış edərək layihənin əhəmiyyəti və tibb sahəsində çalışan gənclərin könüllü fəaliyyətə təşviq olunmasının vacibliyi, sosial fəaliyyət və könüllülüyün önəmindən bəhs edib.
İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxışında “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramında gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, eləcə də tibb tələbələrinin könüllü fəaliyyəti, onların arasında sosial fəaliyyət və könüllülüyün təbliğinin əsas məsələlərdən biri olduğunu bildirib.
Ekspert İlahə Mirzəzadə sağlamlıq sahəsində tibb tələbələrinin könüllü çalışmasının əhəmiyyətindən danışıb və könüllülük fəaliyyəti ilə bağlı təcrübəsini bölüşüb.
İki gün davam edən təlimlərdə ideyalar əsasında layihələrin hazırlanması və yazılma qaydaları, eləcə də Gənclər Fonduna müraciət forması haqqında interaktiv sessiyalar və qrup işləri təşkil edilib.
Qeyri-formal təhsil metodları əsasında təşkil olunan təlimlərdə iştirakçıları maraqlandıran suallara cavablar verilib, maarifləndirici bukletlər paylanılıb və sertifikatlar təqdim olunub.