İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru: Qapalı şəraitdə tütün tüstüsünün təsirini təhlükəsiz səviyyəyə endirmək qeyri-mümkündür | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

PRESS PRESS ARCHIVE

PRESS / 5 MAY 2017

www.azertag.az

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru: Qapalı şəraitdə tütün tüstüsünün təsirini təhlükəsiz səviyyəyə endirmək qeyri-mümkündür

Azərbaycanda son günlər tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında yeni qanun layihəsinin qəbul edilməsi məsələsinin gündəmə gəlməsi cəmiyyətimizin diqqət mərkəzindədir. Bu da təsadüfi deyil, çünki siqaretə aludəçilik uşaqdan tutmuş yaşlıyadək, sosial və maddi vəziyyətindən asılı olmayaraq və ən əsası, siqaret çəkib-çəkməməsinə fərq qoymayaraq ölkə əhalisinin bütün təbəqələrinə təhlükəli təsir göstərir. Tütünlə mübarizədə yeni qanun layihəsinin ikinci oxunuşu ərəfəsində AZƏRTAC-ın müxbiri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədovla söhbət edib.

Azərbaycan Tibb Universitetinin məzunu olan C.Məmmədov Amerika Birləşmiş Ştatlarının Nyu-York Universitetində magistr proqramını bitirərək, səhiyyədə siyasət və idarəetmə üzrə magistr dərəcəsi alıb. Tibb elmləri üzrə fəlsəfə doktorudur. İctimai səhiyyə, ətraf mühitin mühafizəsi, sağlam həyat tərzinin təbliği, eyni zamanda, tütünlə mübarizə məsələlərinə həsr olunmuş bir çox respublika, eləcə də beynəlxalq səviyyəli konfranslarda, seminar və müzakirələrdə iştirak edib, məruzələri, çıxış və təklifləri dinlənilib. Dünya Səhiyyə Təşkilatının tədbirlərində tütünlə mübarizə sahəsinin eksperti qismində Azərbaycanı təmsil edir.

- Ceyhun müəllim, bu günlərdə Milli Məclisdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında yeni qanun layihəsinin ictimai müzakirəsi keçirildi. Sizcə, bu qanunun qəbul olunması nə üçün məhz indi gündəmə gəldi?

- Bu, təəccüblü deyil. Hazırda tütünlə mübarizə dünya ölkələrinin gündəmində olan həyati vacib bir məsələyə çevrilib. Dünya Səhiyyə Təşkilatı (DST) bu zərərli vərdişi qlobal epidemiya adlandırır. Ən qorxulusu odur ki, bu epidemiya ildən-ilə artaraq yalnız siqaret çəkənlərə deyil, həm də passiv tütünçəkmədən əziyyət çəkən insanlara da öz zərərli təsirini göstərir. Məhz buna görə xərçəng, ürək-damar və bir çox digər ağır xəstəliklərin risk faktoru olan tütünlə mübarizənin gücləndirilməsi bu gün son dərəcə zəruridir. Bu mübarizənin əhəmiyyəti Prezident İlham Əliyev tərəfindən 2015-ci ildə imzalanmış “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”da aydın şəkildə açıqlanır. Həmin strategiyada tütünlə mübarizə məsələlərinə xüsusi diqqət yetirilir və qarşıya konkret hədəf qoyulur: ölkədə 2020-ci il üçün tütündən istifadənin 10 faiz azaldılmasına nail olmaq. Ona görə də əminliklə söyləmək olar ki, hazırda qanun layihəsinin yeni mərhələyə qədəm qoyması məhz bu strategiyanın qarşımıza qoyduğu vəzifələrdən, strateji istiqamətlərdən irəli gəlir.

- Bəs bu qanunun əsas mahiyyəti nədən ibarətdir və ölkə vətəndaşlarına nə kimi fayda verəcək?

-Şübhəsiz, bu qanunun qəbul edilməsi ölkə əhalisinin, xüsusilə də uşaq, yeniyetmə və gənclərin, tütündən istifadə etməyən, lakin tütün tüstüsünə məruz qalan insanların onun zərərli təsirindən mühafizəsi üçün böyük əhəmiyyətə malik ola bilər. Bu qanunun icrası ictimai yerlərdə tütünçəkməyə son qoymalı, böyüyən nəsil arasında bu təhlükəli vərdişin yayılmasının qarşısını almalı və tütünçəkənlər tərəfindən xəstəliklərlə nəticələnən bu aludəçilikdən imtina edilməsinə yardım göstərməlidir.

- Deyilənlərlə tam razıyam, lakin bilmək istərdim ki, qeyd etdiyiniz məqamlar yeni qanunda öz əksini tapıbmı?

-Bəli, demək olar ki, bütün sadaladığım məqamlar yeni qanunda əks olunub. Xüsusi təqdirə layiqdir ki, bu layihədə həyat və sağlamlığın qorunmasının tütün istehsal edənlərin mənafeyindən üstünlüyü əsas prinsiplərdən biri kimi göstərilir.

- Belə başa düşürəm ki, qapalı ictimai məkanları və iş yerlərini tütün tüstüsündən təmizləmək üsullarını düşünməyə ehtiyac var, bu zaman sağlamlıq üçün təhlükələr tam aradan qaldırılırmı?

-Bilmək vacibdir ki, ikincili tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Özümüzü aldatmayaq: qapalı şəraitdə, hətta ventilyasiya, havanın təmizlənməsi olduqda belə, tütün tüstüsünün təsirini təhlükəsiz səviyyəyə endirmək qeyri-mümkündür. Yüz faizlik tüstüsüz mühit yaratmaq üçün binaların daxilindəki bütün iş yerləri və bütün ictimai yerlər tütün tüstüsündən tam azad olmalıdır. Məhz buna görə ictimai yerlərdə tütün məmulatlarının çəkilməsinin tam qadağan edilməsi məsələsinin yeni qanunda əks olunmasına nail olmaq bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Dünyanın bir sıra ölkələrində ictimai məkanlarda və iş yerlərində tütünçəkməni qeyd-şərtsiz qadağan edən sərt qanunlar artıq qəbul olunub. Məsələn, Avropanın 10 ölkəsində, o cümlədən Türkiyədə və Rusiya Federasiyasında hər hansı istisnalar edilmədən və qapalı yerlərdə tütün məmulatlarının çəkilməsi üçün xüsusi yerlər ayrılmadan ictimai məkanlarda və iş yerlərində tütünçəkmə tam qadağan edilir.

-Necə düşünürsünüz, bu qadağanın tütünün ölkə əhalisinin sağlamlığına zərərli təsirinin azaldılması baxımından nəzərəçarpan əhəmiyyəti olacaqmı?

- Şübhəsiz ki, olacaq. Bir baxın: tütün tüstüsünün tərkibində 7000-ə qədər kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli və 70-i kanserogen hesab edilir. Araşdırmalar isə göstərir ki, Azərbaycanda siqaret çəkməyən kişilərin 77 faizi ictimai məkanlarda və iş yerlərində, qadınların 41 faizi evdə, yeniyetmələrin 41 faizi qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalırlar. Tütün tüstüsü yeniyetmələrin sağlamlığına birbaşa təhlükəli təsir göstərməklə yanaşı, ictimai yerlərdə tütün məmulatlarının çəkilməsi gənc insanlarda tütünçəkmənin adi və gündəlik, hətta dəbli və nüfuzlu bir hal olması barədə yanlış düşüncə və güclü stereotip formalaşdırır. Yeri gəlmişkən, ilk baxışdan zərərsiz görünən elektron siqaretlər və nikotinsiz qəlyanlar da tütünçəkmə vərdişinin yaranmasına çox pis təsir göstərir. Əslində, elektron siqaretlər və nikotinsiz qəlyanlar yalnız bir məqsədə xidmət edir: bu vərdişə hələ düçar olmayan “əylənmək” həvəskarlarını tütünçəkənlər sırasına cəlb etmək.

- Siz hər bir valideyn üçün çox vacib olan bir mövzuya toxundunuz. Bu gün bir çox insanlar öz övladlarının bu təhlükəli asılılıqdan necə qorunması barədə narahatlıq hisləri keçirir.

- Artıq sübut olunub ki, siqaret çəkmək vərdişi əksər insanlarda 19 yaşadək formalaşır. Buna görə də, yeniyetmələrin tütün çəkməsinin qarşısının alınması məsələsi olduqca zəruridir. Buna isə indiki şəraitdə nail olmaq çətindir, çünki uşaqlar baxıb görürlər ki, onların inandıqları, hörmət saxladıqları böyüklərin özləri siqaret çəkirlər. Digər tərəfdən isə mağazalardakı siqaret vitrinləri də onların diqqətini öz reklam cazibədarlığı ilə cəlb edir. Dünya Səhiyyə Təşkilatının ekspertləri hesab edirlər ki, satış məntəqələrində tütün məmulatlarının göstərilməsi özlüyündə reklam və satışın stimullaşdırılması deməkdir. Qeyd etmək lazımdır ki, gənc insanlar tütün məmulatlarının təsvirinin belə stimullaşdırıcı təsirinə xüsusilə həssasdırlar. Apardığımız tədqiqatlar göstərir ki, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 30 faizi mağaza və köşklərdə olan tütün vitrinlərinin siqaret çəkməyə həvəsləndirdiyini bildirir. Buna görə də Dünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, satış məntəqələrində tütün məmulatlarının görünüşünə, onların istənilən təsvirinə tam qadağa tətbiq edilməlidir. Satış yerlərində tütün vitrinlərinə qadağa İrlandiya, Norveç, Birləşmiş Krallıq, Finlandiya və Rusiya Federasiyasında artıq tətbiq olunur. Azərbaycanda da bu qadağanın tətbiq edilməsini məqsədəuyğun hesab edirəm.

-Bir tərəfdən, siqaret çəkilməsinə tam qadağalardan danışılır, digər tərəfdən isə, ölkəmizdə tütünün yerli istehsalını qaldırmaq planlaşdırılır. Bu məsələyə münasibətiniz necədir?

-Bu yaxınlarda mediada belə bir fikir səsləndirildi ki, yerli tütünçülüyün inkişafı nəticəsində daxili bazarda yerli istehsal olunan tütün məmulatları daha çox əlçatan olmalı və beləliklə, onlar idxal olunan tütün məmulatlarını guya əvəz etməlidir. Xatırladım ki, məqsədimiz əhalinin hansı siqaretləri çəkməsi deyil. İdealda məqsədimiz ümumiyyətlə əhalinin siqaret çəkməməsinə nail olmaqdır. Aprelin 17-də Yevlaxda keçirilən respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi vurğuladı ki, yeni, müasir siqaret fabriklərinin Azərbaycanda tikintisi bizim vətəndaşların daha çox siqaret çəkməsi üçün yox, tütünün ixracı çox gəlir gətirən bir sahə olduğu üçün nəzərdə tutulmalıdır. Düşünürəm ki, məsələyə dair bundan da aydın fikir söyləmək qeyri-mümkündür.

- Əhalinin keyfiyyətsiz siqaret çəkməsi barədə bəzi insanları narahat edən məsələyə dair nə deyə bilərsiniz?

- Ümumiyyətlə, siqaretin yaxşısı-pisi yoxdur. İstənilən hər bir siqaret – keyfiyyətindən asılı olmayaraq, filtrli-filtrsiz – bütün hallarda sağlamlıq üçün zərərlidir. Tütün şirkətləri tütün məmulatlarının istifadəsini stimullaşdırmaq məqsədi ilə onları yeni dad, ətir, istifadə rahatlığı, qiymət, keyfiyyət, etibar, imic, müsbət təsir və bu kimi digər parametrlərlə təmin edirlər. Lakin heç bir halda bu, o demək deyil ki, həmin dırnaqarası "daha keyfiyyətli" tütün məmulatları insanların sağlamlığı üçün daha az təhlükəlidir.

-Qanun nə qədər mükəmməl tərtib edilsə də, onun icra mexanizmi çox mürəkkəb ola bilər. Bu qanunun icra mexanizmini necə görürsünüz?

-Bəli, bəziləri bu qanunun tətbiqinin, onun Azərbaycanda reallaşdırılması üçün effektiv mexanizmin yaradılmasının mümkün olmasına şübhə ilə yanaşırlar. Lakin etiraf edək ki, Azərbaycan belə qanun qəbul edən ilk və ya yeganə ölkə deyil. Əminəm ki, başqa, o cümlədən qonşu ölkələrdə belə qanunlara ciddi riayət edilməsi mümkündürsə, Azərbaycanda da bu, mütləq baş tutacaq.

-Necə bilirsiniz, əgər qanun belə sərt qadağalarla qəbul edilsə, bu, qarşı tərəfin – siqaretçəkən əhalinin tütünçəkmə hüququnun pozulması ilə bağlı narazılığı ilə qarşılaşmayacaq ki?

- Bu qanun layihəsi, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq” və “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüquqlarına riayət edilməsi tələblərindən irəli gəlir. Bu baxımdan, əksinə, bu gün ictimai yerlərdə baş verən tütünçəkmə halları vətəndaşların Konstitusiya hüquqlarının pozulması hesab oluna bilər. Əminəm ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun qəbul edilməsi Azərbaycanda vətəndaşların Konstitusiya hüquqlarının qorunması və eyni zamanda, qlobal tütün epidemiyasının artan təhlükələrinə qarşı vaxtında atılan növbəti addım olacaq.