• İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər
  • İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzvlük haqqı qazandı

PRESS PRESS ARCHIVE

PRESS / 31 OCTOBER 2016

Tütündən imtina üzrə pilot kabinet və “qaynar xətt” yaradılır

Noyabrın 1-dən etibarən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi “qaynar xətt” fəaliyyətə başlayacaq.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar.
Layihə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq həyata keçirilir.
Pilot kabinetin işini lazımi səviyyədə qurmaq məqsədilə İSİM-in nümayəndələri bu yaxınlarda Moskvada “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminarda iştirak ediblər. Səfərdə məqsəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunda, o cümlədən Rusiya Federasiyasında tütündən imtinaya dəstək sahəsində əldə olunmuş beynəlxalq təcrübənin Azərbaycana uyğun modelini yeni açılacaq kabinetin fəaliyyətində tətbiq etməkdir.
Hazırda İSİM-in ambulator şöbəsində pilot layihə üçün müvafiq kabinet yaradılıb, xüsusi telefon xətti ayrılıb. İki ay davam edəcək pilot faza ərzində burada çalışacaq mütəxəssislər tütündən istifadənin dayandırılması və asılılığın müalicəsinə dair metodik təlimatlar əsasında təlim keçiblər.
İSİM tütündən istifadənin dayandırılması və asılılığın aradan qaldırılması sahəsində milli mütəxəssis potensialının gücləndirilməsinə və müvafiq tibbi-konsultativ xidmətlərin təşkilinə yardım göstərəcək. Pilot layihənin müddəti başa çatdıqdan sonra görülmüş işlər qiymətləndiriləcək, gələcəkdə tütündən imtina kabineti və “qaynar xətt”in davamlı çalışması və işinin səmərəli, effektiv aparılması üçün zəruri tədbirlər nəzərdən keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası hələ 2005-ci ildə “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasını ratifikasiya edib. Həmin Konvensiyanın 14-cü maddəsinə əsasən, hər bir ölkə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın adekvat müalicəsinin təmin edilməsinə kömək üçün səmərəli tədbirlər görməli, habelə tibbi-sanitariya yardımı müəssisələrində və reabilitasiya mərkəzlərində tütündən asılılığın diaqnostikası, profilaktikası, müalicəsi və məsləhətlərin verilməsi üzrə proqramlar hazırlamalı və həyata keçirməlidir.