PRESS / 31 MARCH 2016
Doğuşayardım tibb müəssisələrində monitorinqlər aparılıb
Səhiyyə Nazirliyi ilə UNICEF arasında imzalanmış birgə Fəaliyyət Planı çərçivəsində ana və uşaq sağlamlığı sisteminin gücləndirilməsi üzrə görülmüş işlərlə bağlı nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilmiş fəaliyyətlərə yekun vurulub.
Bu münasibətlə təşkil olunan tədbirdə qeyd edilib ki, Fəaliyyət Planına müvafiq olaraq, İSİM-də bir neçə istiqamətdə işlər görülüb.
Bunlardan birincisi Azərbaycanda 2015-ci il yanvarın 1-dən tətbiq edilən beynəlxalq diridoğulma meyarlarına keçidlə əlaqədar olaraq ictimai maarifləndirmə tədbirləridir. Məlumat verilib ki, qurum ötən ilin dekabr ayında Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecində tələbələrlə bu mövzuda görüşlər təşkil edib. İkinci mərhələdə maarifləndirmə tədbirləri bu ilin yanvar ayında Bakı şəhərinin 1, 2, 7, 8, 9 saylı qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar arasında keçirilib. Bu tədbirlərdə mövzunu əhatə edən bir sıra məlumatlandırıcı və maarifləndirici çap materialları paylanılıb.
İkinci fəaliyyət istiqaməti doğuşayardım müəssisələrində yeni diridoğulma meyarlarına keçidlə əlaqədar görülmüş işlərin monitorinqidir. Bu istiqamət üzrə İSİM Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Qubanın seçilmiş doğuşayardım tibb müəssisələrinə baxış keçirib. Yeni diridoğulma meyarlarının tətbiqinin ilkin nəticələrinin təhlili, doğuşayardım tibb müəssisələrinin bu sahədə üzləşdikləri problem və çətinliklərin öyrənilməsi, onların yeni diridoğulma meyarlarına hazırlıq səviyyələrinin qiymətləndirilməsi məqsədi daşıyan belə monitorinqlər tədbir iştirakçıları tərəfindən ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş zəruri addım kimi dəyərləndirilib.
İSİM-in Fəaliyyət Planı çərçivəsində gördüyü işlərin üçüncü istiqaməti anemiyanın azaldılması məqsədi ilə məlumat paketinin hazırlanmasıdır. Bildirilib ki, bu məqsədlə Mərkəzdə “Unun zənginləşdirilməsinin dəmir defisitli anemiya (DDA) ilə mübarizədə rolu” adlı sənəd hazırlanıb. Müvafiq qərarverici dövlət orqanlarının, səhiyyə idarəedici orqanların, elmi tədqiqat müəssisələrinin rəhbərləri, həmçinin qida sənayesi sahəsi üzrə sahibkarlar üçün nəzərdə tutulan məlumat paketinin gələcəkdə metodik vəsait şəklində çap olunaraq, aidiyyətli müəssisələrə paylanması planlaşdırılır.