Tütünlə mübarizədə kütləvi informasiya vasitələrinin rolu əvəzolunmazdır | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

PRESS PRESS ARCHIVE

PRESS / 11 MARCH 2016

www.azertag.az

Tütünlə mübarizədə kütləvi informasiya vasitələrinin rolu əvəzolunmazdır

Tütün istehlakının zərərli təsiri barədə ictimaiyyətin məlumatlandırılması tütün epidemiyası ilə aparılan mübarizənin təməlini təşkil edir və bu sahədə məqsədyönlü siyasətin formalaşdırılması üçün zəruridir. Tütünlə mübarizə haqqında Dünya Səhiyyə Təşkilatının (DST) Çərçivə Konvensiyasının 12-ci maddəsinin həyata keçirilməsinin rəhbər prinsiplərində qeyd olunur ki, əhalinin tütünə qarşı mübarizə məsələləri üzrə məlumatlandırılması sosial dəyişikliklərin təmin edilməsi üçün vacibdir.

Bütün bunları nəzərə alaraq Moskvada tütünlə mübarizədə KİV-lərin potensialının gücləndirilməsi məsələləri üzrə seminar təşkil olundu. DST-nin Avropa Regional Ofisinin təşkilatçılığı ilə keçirilən seminarın məqsədi tütün əleyhinə mübarizə sahəsində olan ən son elmi nailiyyətlərin və yeniliklərin təqdim edilməsi, ölkələrdə bu sahədə uğurla həyata keçirilən fəaliyyət və strategiyalar barədə məlumatların verilməsi idi. MDB ölkələrindən olan kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilən seminarda Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları iştirak ediblər.

Müsahibimiz həmin seminarda Azərbaycan nümayəndə heyətinə başçılıq edən İSİM-in əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayevdir. 

- Məlumdur ki, tütün dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biridir. Bu barədə məlumatlar kifayət qədərdir. Tütünə qarşı mübarizədə əhalinin məlumatlandırılması üçün bütün mövcud kommunikasiya vasitələrindən istifadə olunmalıdır. Maarifləndirmə bu sahədə müsbət dəyişikliklərin əldə olunmasında əsas vasitədir. Moskvada keçirilmiş seminarda da xüsusi qeyd olundu ki, sosial normalar tütün istifadəçilərinə ondan istifadəni dayandırmağa imkan yaradan mühiti təmin etməlidir.

- Son zamanlar Avropa regionunda tütünlə mübarizə məsələlərinə xüsusi diqqət yetirilir. Bunu necə qiymətləndirmək olar?

- Bütün dünya ilə müqayisə etsək, DST-nin Avropa regionunda daha çox insan tütün tüstüsünün təsiri səbəbindən yaranan qeyri-infeksion xəstəliklərdən dünyasını dəyişir. Yəni bu məkanda 30 yaşdan yuxarı olan insanların ölüm səbəblərinin 16 faizi məhz tütünlə əlaqəlidir. Afrika və ya Şərqi Aralıq dənizi regionunda bu rəqəm müvafiq olaraq 3 və 7 faiz, qlobal olaraq isə orta hesabla 12 faiz təşkil edir. Baxmayaraq ki, Avropada tütünlə mübarizə uzun illərdən bəri aparılır və Avropa regionu ölkələrinin hamısı, o cümlədən Azərbaycan 2005-ci ildə qəbul edilmiş Tütünlə mübarizə haqqında DST-nin Çərçivə Konvensiyasına qoşulub. Hələ də Konvensiyanın potensialından tam gücü ilə istifadə olunmur. Bununla belə, Avropanın tütünsüz məkana çevrilməsi səyləri gerçəkləşə bilər. Seminarda Avropa ölkələrinin, xüsusilə İngiltərənin, İsveçrənin, Türkiyənin və Rusiyanın qısa müddət ərzində əldə etdiyi nailiyyətlərindən danışıldı, bir neçə ölkə sırasında Azərbaycanın da irəliləyişləri nümunə göstərildi. Bir an təsəvvür edin ki, DST-nin Avropa regionunda tütündən istifadə keçmişdə qalır, bu regionda insanlar tütün asılılığından əziyyət çəkmirlər, bu region tütünlə əlaqəli ağır xəstəlik və ölüm yükünü daşımır. Belə gələcəyə nail olmaq mümkündür. Bunun üçün Konvensiyanın və onun maddələrinin həyata keçirilməsi üzrə rəhbər prinsiplərin, yüksək səviyyədə qəbul olunan bu kimi digər qərarların tam həcmdə səmərəli yerinə yetirilməsi vacibdir. 

- Bəs Azərbaycan tütünlə mübarizədə Avropanın bu ali məqsədinə çatmaq üçün hansı addımlar atıb?

- Bütün dünyada tütünçəkmə qan dövranı sistemi xəstəlikləri, bədxassəli yenitörəmələr, şəkərli diabet və tənəffüs sisteminin xroniki xəstəlikləri kimi ağır qeyri-infeksion xəstəliklərin ən başlıca yaranma səbəblərindən biri hesab edilir. Buna görə də həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində tütünə qarşı mübarizə qeyri-infeksion xəstəliklərlə mübarizənin tərkib hissəsi kimi qəbul edilir. Moskvada keçirilən seminarda da vurğulandı ki, bir sıra ölkələrin tütün epidemiyası ilə mübarizədə uğurlarının başlıca səbəblərindən biri də bu sahəyə və ümumiyyətlə, qeyri-infeksion xəstəliklərin profilaktikası və mübarizə tədbirlərinə yüksək səviyyədə dövlət tərəfindən dəstəyin göstərilməsi olmuşdur. Sevindirici xəbərdir ki, Azərbaycanda da qeyri-infeksion xəstəliklərlə mübarizə dövlətin prioritet vəzifələrindən birinə çevrilib. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsas tutularaq 23 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” təsdiq olundu. Strategiyanın əsas məqsədi Azərbaycanda həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına, o cümlədən qeyri-infeksion xəstəliklərlə bağlı vaxtından əvvəl ölüm hallarının əhəmiyyətli azaldılmasına nail olmaqdır. Vacib məqamlardan biri də odur ki, Strategiyada və onun həyata keçirilməsi üzrə Tədbirlər Planında insanların və ayrı-ayrı əhali qruplarının, xüsusilə də uşaq, yeniyetmə və gənclərin, pasiyentlərin və mütəxəssislərin məlumatlandırılmasına və biliklərinin artırılması məsələlərinə, təşviqat və təbliğat tədbirlərinə, maarifləndirici vəsaitlərin hazırlanmasına və digər kommunikasiya məsələlərinə xüsusi yer ayrılıb. Bütün bu tədbirlərdə KİV nümayəndələri yardımçı və qabaqcıl rol oynamalıdırlar. Moskva şəhərində baş tutan seminarda da MDB ölkələrindən olan kütləvi informasiya vasitələrinin və digər qurumların nümayəndələri, eləcə də beynəlxalq mütəxəssislər öz çıxışlarında məlumatlandırma məsələlərinin zərurəti ilə yanaşı, bu işin mürəkkəbliyindən, məsuliyyətindən və əvəzolunmaz təsirindən də danışdılar, praktik nümunələr göstərdilər. 

- Deməli, məqsədyönlü tədbirlərin aparılması üçün təməl qoyulub. Tütünlə mübarizə baxımından belə tədbirlərin ölkəmiz üçün ən əhəmiyyətli olanları barədə nə deyə bilərsiniz?

- İlk növbədə ölkədə tütünlə bağlı vəziyyətin davamlı monitorinqi aparılmalıdır və bu sahədə biz fəallıq göstərməkdə davam edirik. Məsələn, DST-nin dəstəyi ilə 2011-ci ildə Azərbaycanda xroniki qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə milli araşdırma və gənclər arasında tütündən istifadə üzrə tədqiqat aparılıb. Yeri gəlmişkən, bu il biz həmin tədqiqatların Azərbaycanda təkrar reallaşdırılmasını planlaşdırırıq. Digər vacib məsələ bütün ictimai və iş yerlərində tütünçəkmənin tam qadağan edilməsidir. Bunun üçün müvafiq qanunvericilik aktlarına dəyişikliklər edilməlidir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində tütünlə mübarizəyə aid qanunlara riayət edilməsinə dair təsiredici cərimələr və onların tətbiqi mexanizmləri nəzərdə tutulmalıdır. Bu, həm müvafiq qanunların pozulmasının qarşısını alar, həm də dövlət büdcəsinə vəsait gətirə bilər. Məsələn, ölkəmizdə bu cür sərt tədbirlər artıq yol-nəqliyyat təhlükəsizliyi sahəsində reallaşdırılır və müsbət nəticələr verir. Təbii ki, tütün məmulatlarının qiymət və vergi siyasətinə də diqqət yetirilməlidir. Bu məsələ Moskvadakı seminar zamanı xüsusi müzakirələrə səbəb oldu. Qeyd olundu ki, bizə yaxın olan Türkiyə, xüsusilə də Türkmənistan kimi bir sıra ölkələrdə tütün məmulatlarının qiymətlərinin yüksək olması insanları tütünçəkmədən imtina etməyə və ya buna başlamamağa vadar edir. Nailiyyətlərə gəldikdə, ötən il “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda baş verən dəyişiklikləri xüsusi qeyd edərdim. Dəyişikliklərə görə, tütün, tütün məmulatları və onlara aid ləvazimatların reklamı tam qadağan edilir, əmtəə satışını stimullaşdıran tədbirlərdə isə tütün və tütün məmulatları təklif oluna bilməz. Bu uğurlarımız seminar iştirakçıları və təşkilatçıları tərəfindən də alqışlandı. Lakin bir vacib məsələ nəzərdən yayınır ki, bu da tütün məmulatlarının pərakəndə satış obyektlərində açıq və görünən vitrinlərdə yerləşdirilməsidir. Tütünlə mübarizə haqqında DST-nin Çərçivə Konvensiyasının 13-cü maddəsinin həyata keçirilməsinin rəhbər prinsiplərində qeyd olunur ki, satış məntəqələrində tütün məmulatlarının göstərilməsi özlüyündə reklam və satışın stimullaşdırılmasıdır. Yeniyetmə və gənclər tütün məmulatlarının təsvirinin stimullaşdırıcı, cəlbedici təsirinə xüsusilə həssasdırlar. Bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiya Federasiyasında yeni qəbul edilmiş qadağalara görə, tütün məmulatları açıq şəkildə satılmır, sadə dillə desək, siqaret satılan yerlərdə siqaret vitrinləri yoxdur. Mən şəxsən Moskvada bunun şahidi oldum, heç bir dükanda və ya satış mərkəzində tütün məmulatlarının açıq satışına rast gəlmədim. Hesab edirəm ki, bizim ölkədə də bu məsələ öz həllini tapmalıdır.

- Çox maraqlı fikirlər söylədiniz. Bizcə, vətəndaşlarımız özləri də tütünçəkmə ilə mübarizədə daha fəal olmalıdırlar.

- Bu sahədə İctimai Səhiyyə və İslahatlar Mərkəzi mütəmadi olaraq qabaqcıl üsullara üstünlük verir. Moskvadakı çıxışlarımda da qeyd etdim ki, insanların maarifləndirilməsi məqsədilə Azərbaycanda yenilik olaraq İSİM tərəfindən “Hər günün tütünsüz olsun!” aksiyasına həsr olunmuş www.nosmoke.az saytı yaradılıb. Aksiyaya yüzdən çox insan, o cümlədən xarici ölkələrdən iştirakçılar qoşulub, eləcə də tütünlə mübarizəyə aid həm əhali, həm də mütəxəssislər, eyni zamanda, media nümayəndələri üçün faydalı məlumatları özündə cəmləşdirən www.tobaccocontrol.az elektron portalı istifadəyə verilib. Oxucularımızı, xüsusilə də media nümayəndələrini bu imkanlardan geniş istifadə etməyə çağırıram, çünki tütünlə mübarizədə hər birimiz öz töhfəmizi verməliyik, öz sağlamlığımız, yaxın və doğmalarımızın sağlamlığı barədə bu gün düşünməliyik və gələcək nəsillərin tütünsüz dünyada yaşamasına çalışmalıyıq.