“Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

PRESS PRESS ARCHIVE

PRESS / 19 DECEMBER 2019

www.azertag.az

“Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirilib

Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı (İSİM) və Dünya Səhiyyə Təşkilatının (DST) dəstəyi ilə “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası ilə bağlı görülən işlər, həmçinin son iki il ərzində (18 dekabr 2017-ci ildə I Milli Konfrans keçirilib) qeyri-infeksion xəstəliklərlə (QİX) mübarizədə əldə olunmuş nəticələr, bu sahədə olan çətinliklər və qarşıda duran problemlərin aradan qaldırılması məsələləri, STEPS sorğusunun nəticələri konfransda geniş müzakirə edilib.

Səhiyyə nazirinin müavini Rahim Əliyev konfransı giriş sözü ilə açaraq bildirib ki, dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklərlə mübarizə səhiyyə sistemlərinin və ümumiyyətlə, dövlətin prioritet vəzifələrindən birinə çevrilib: “Qeyri-infeksion xəstəliklər insanlara verdiyi iztirablara görə, ölkələrin sosial-iqtisadi quruluşuna mənfi təsiri baxımından səhiyyə və inkişaf sahələrində XXI əsrin mühüm problemlərindən biridir. Müasir dövrdə sürətli urbanizasiya və qeyri-sağlam həyat tərzinin qloballaşması amilləri qeyri-infeksion xəstəliklər yükünün artmasına təsir edib. Bugünkü konfransın əsas məqsədi bu istiqamətdə görülən işləri bir daha nəzərdən keçirmək, daha yaxşı nəticələr əldə etmək üçün səy göstərməkdir”.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev qeyri-infeksion xəstəliklərin tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlı olduğunu vurğulayıb: “Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda keçirilən qeyri-infeksion xəstəliklərin öyrənilməsi: STEPS sorğusunun nəticələri bir daha göstərdi ki, insanların sağlam həyat tərzi vərdişlərinə yiyələnməsi vacib məsələdir. Sorğunun nəticələrini təhlil edəndə görürük ki, məsələn, əgər 2011-ci ildə iştirakçıların yalnız 15 faizi gündə 400 qram meyvə və tərəvəz qəbul etdiyini bildiribsə, 2017-ci ildə bu rəqəm artıq 25 faiz idi. Deməli, maarifləndirmə və sağlam həyat tərzi istiqamətində aparılan təbliğat insanların adət etdiyi vərdişləri dəyişməsinə təkan verir”.

Qeyd edək ki, DST-nin dəstəyi ilə İSİM tərəfindən həyata keçirilən STEPS sorğusu ölkələrə qeyri-infeksion xəstəliklərə nəzarət və onlarla mübarizə üçün öz nəzarət sistemlərini inkişaf etdirməyə kömək edən araşdırma metodologiyasıdır. İkinci dəfə aparılan (ilk sorğu 2011-ci ildə aparılıb) bu milli sorğunun məqsədi Azərbaycan əhalisi arasında qeyri-infeksion xəstəliklərin yayılması, mövcud vəziyyət və gələcək meyilləri qiymətləndirərək ÜST-nin təsdiq etdiyi metodlarla yeni məlumatların əldə olunmasıdır.

DST-nin Azərbaycandakı nümayəndəsi Dr Hande Harmancı yalnız əl-ələ verərək bu sahədə uğur qazanmağın mümkün olduğunu qeyd edərək, həkimlər və tibb mütəxəssisləri ilə yanaşı, digər sahələrin, qurumların nümayəndələrinin konfransda iştirakını yüksək qiymətləndirib: “Qeyri-infeksion xəstəliklərin qarşısını almaq və onları nəzarətdə saxlamaq üçün Səhiyyə, Təhsil, Gənclər və İdman nazirlikləri, kütləvi informasiya vasitələri, yerli qeyri-hökumət təşkilatları və digər tərəfdaşları birgə əməkdaşlığa cəlb etməklə, hərtərəfli yanaşma lazımdır. Azərbaycanda qeyri-infeksion xəstəliklərin üstünlük təşkil edən risk faktorlarına qarşı səmərəli mübarizə üçün mövcud QİX siyasətləri və strategiyaları qəbul edilməli və yerli standartlara uyğunlaşdırılmalıdır. Uyğunlaşdırma aparılarkən tütündən istifadə, sağlam qidalanma, fiziki hərəkətlilik, hipertoniya və diabetin qarşısının alınmasına və nəzarətdə saxlanmasına xüsusi diqqət yetirilməlidir”.

DST-nin Avropa üzrə Regional Ofisində Qeyri-infeksion xəstəliklər və sağlamlığın həyat boyu təbliği bölməsinin direktoru Bente Mikkelsen videotəqdimatla çıxış edərək, tibbi xidmətin keyfiyyətinin artırılması və bu sahədə informasiya imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

DST-nin Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri İvo Rakovac Avropa Mərkəzinin rəhbəri Joao Breda Azərbaycanda STEPS sorğusunun müqayisəli təhlili və QİX-in qarşısının alınması üzrə əldə olunan nəticələr barədə çıxış edib.

Qeyri-infeksion xəstəliklərin profilaktikasına həsr olunmuş konfransın ikinci elmi-praktik hissəsində Azərbaycan Tibb Universiteti, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, İSİM, Milli Onkologiya Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi və digər aparıcı institutların, mərkəzlərin nümayəndələrinin məruzələri, çıxışları dinlənilib. Bu hissədə məhz ürək-damar, onkoloji xəstəliklər, şəkərli diabet və ağciyər xəstəliklərinin profilaktikasına dair məsələlərə xüsusi yer ayrılıb, onların risk faktorları və o cümlədən fiziki aktivliyin olmaması, artıq çəki və piylənmə, duzun həddən artıq istifadəsi və spirtli içkilərdən sui-istifadə hallarının aradan qaldırılması, ümumiyyətlə, qeyri-infeksion xəstəliklərin iqtisadi yükünün azaldılması üçün aparılan tədqiqatlar və araşdırmaların nəticələri geniş müzakirə edilib.

Konfransda, həmçinin fiziki passivliklə mübarizə istiqamətində görülən işləri dəstəkləmək məqsədilə fiziki aktivlik dəqiqələrinə vaxt ayrılıb və sağlam həyat tərzi vərdişlərinin əhali arasında geniş təbliğ və təşviq olunması istiqamətində birgə əməkdaşlığın vacibliyi vurğulanıb.

https://azertag.az/xeber/Qeyri_infeksion_xesteliklerin_yuku_ve_mubarize_strategiyalari_movzusunda_II_Milli_Konfrans_kechirilib-1370693