II Azərbaycan Autizm Paneli keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

13 APRIL 2017

II Azərbaycan Autizm Paneli keçirildi

Cəmiyyətdə autizmlə bağlı daha geniş maarifləndirmənin aparılması, o cümlədən autizmli insanların həyat və fəaliyyətinin yaxşılaşdırılmasına kömək məqsədi ilə Beynəlxalq Autizm Maarifləndirmə ayı çərçivəsində növbəti tədbir keçirildi.  Tədbir 12 aprel 2017-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında təşkil olundu. Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrası, Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi (UPSİM), Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), "Birgə və Sağlam" İctimai Birliyi və "Lider Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən II Azərbaycan Autizm Panelində stiqma, məlumat çatışmazlığı kimi problemlərdən söz açıldı.

Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf  Bəylərov problemin uşaqların sağlamlığına təsirindən danışdı. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı autizm probleminin həlli çərçivəsində görülən işləri xatırladaraq, Milli Məclisdə mövzu ilə əlaqədar aparılan müzakirələr barədə məlumat verdi. O bildirdi ki, yaxın zamanda keçiriləcək Milli Məclisin Səhiyyə Komitəsinin iclasında problemə bir daha baxılacaq və bu istiqamətdə görülə biləcək işlərə xüsusi diqqət ayrılacaq. Millət vəkili autizm sindromuna ictimaiyyətin diqqətinin cəlb edilməsi və valideyn-həkim əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd etdi. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə  və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə iştirakçıların diqqətinə çatdırdı ki,  autizm spektr pozuntuları ildən-ilə artır  və getdikcə daha ağır sosial problemə çevrilir. Beynəlxalq statistikanı açıqlayan mütəxəssis bildirdi ki, əgər ABŞ-da 2004-cü ildə hər min uşaqdan 68-də autizm sindromu özünü göstərirdisə, bu rəqəm 2014-cü ildə 150-yə yüksəlib. Səbinə Babazadə bir daha vurğuladı ki, sindromun artması bu sahədə daha geniş maariflənməni və cəmiyyətin bütün təbəqələrinin bu işdə fəallığını zəruri edir. Həkim Kamran Salayevin “Autizmin diaqnostik meyarları” və həkim Nigar Sədiyevanın “Uşaq inkişafi və onun qiymətləndirilməsi” mövzusunda çıxışları maraqla qarşılandı.

Çıxışların ardınca tədbir iştirakçıları autizm spektr pozuntusu diaqnozu olan uşaqların psixi sağlamlıq ehtiyaclarının təhsil vasitəsi ilə dəstəklənməsi, mövcud problemlər və inkişaf imkanları haqqında Bakı Dövlət Universitetinin sosial psixologiya kafedrasının psixoloqu Turanə Əliyevanın təqdimatı ilə tanış oldular. Tədbirin ikinci hissəsində nevroloq Rima İbadova “Autizmlə yanaşı sıx rastlanan epileptik sindromlar və bu uşaqlarda elektroensefaloqrammanın xüsusiyyətləri barədə” məlumatları paylaşdı. “Autizm spektr pozuntularında medikal müalicə üsulları” mövzusu ilə çıxış edən uşaq psixiatrı İkram Rüstəmov isə müasir dövrdə autizm spektr pozuntularının müdaxiləsində istifadə olunan vasitələrdən və onların vacibliyindən bəhs etdi. “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova autzm spektr pozuntusu olan uşaqların və valideynlərinin cəmiyyətdə qarşılaşdıqları çətinliklərdən söz açaraq, Autizm Maarifləndirmə ayı çərçivəsində İSİM-lə birlikdə həyata keçirdikləri tədbirlərin bu baxımdan böyük əhəmiyyət daşıdığını vurğuladı.