12 APRIL 2017
İSİM-in nümayəndələri “Uşaqlara siqaret satmaq qadağandır!” kampaniyası çərçivəsində keçirilən tədbirdə iştirak etdilər
“Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində 11 aprel 2017-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirildi. “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusuna həsr olunmuş tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri Nabil Seyidov və Tofiq Musayev iştirak etdilər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi tədbirdə gənc nəsli ziyanlı vərdişdən çəkindirmək məqsədilə aparılan monitorinqin nəticələri açıqlandı. Bakı şəhərinin siqaret satılan ticarət obyektlərində tütün məmulatlarının ticarətdə qanunauyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və rəy sorğusunun nəticələri tədbir iştirakçıları tərəfindən müzakirə edildi.
Tədbirdə çıxış edən İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirdi ki, tütün tüstüsü həm siqaret çəkənlər, həm də çəkməyənlər üçün hədsiz zərərlidir: “Statistikaya görə, bu gün yeniyetmələrin 7 faizi, qadınların 1 faizi siqaret çəkir, lakin adı çəkilən qrupların 49 faizi öz evlərində tütün tüstüsünün zərərinə məruz qalır”. Mütəxəssis tütün məhsulları üçün aksiz vergisinin qaldırılmasının və ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsinin vacibliyini vurğuladı.